04 fevral 2021, 17:29

İsmayıl İsmayılbəylidən, Mingəçevir, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizin qətiyyətli qərarınız və xalqın iradəsinin təzahürü olaraq 2020-ci il sentyabrın 27-dən başlamış Vətən müharibəsində müzəffər Ordumuzun əldə etdiyi qələbələr hər birimizi çox sevindirdi. Qeyd etdiyiniz kimi 2020-ci ildə Azərbaycan Ordusu yeni bir şanlı tarix yazdı. Bizlər də çox xoşbəxtik ki, bu tarixi canlı yaşayanlardanıq.

Vətən müharibəsi getdiyi vaxtlarda hər gün zəfər xəbərlərini eşitdikdə inanın sevinc göz yaşlarımızı saxlaya bilmirdik, çünki 30 ilə yaxındır bu anı, bu sevinci yaşamaq istəyirdik. Təbii ki, bu savaşda itkilərimiz də oldu, amma onların hər biri adını şanlı tariximizə və eyni zamanda da xalqımızın yaddaşına, qəlbinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımız oldu. Bu gün biz hər birimiz əsgərik və hər zaman Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması yolunda hər zaman Sizin əmrinizi gözləyirik.

Mingəçevir şəhəri gəncləri olaraq Sizin bu qətiyyətli mövqeyinizi, əsl sərkərdələrə məxsus mətinliyiniz və nümayiş etdirdiyiniz siyasi iradəni dəstəkləyirik. Əmin ola bilərsiniz ki, biz gənclər və ümumilikdə bütün Azərbaycan xalqı Sizinlədir. Bu sevinci bizə yaşadan güclü, yenilməz, şanlı Azərbaycan Ordusunun bütün şəxsi heyətinə və Sizə - Müzəffər Ali Baş Komandana təşəkkür edirik. Yaşasın güclü və yenilməz Azərbaycan Ordusu!

Yaşasın müstəqil Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

İsmayılbəyli İsmayıl Nəriman oğlu,

Vətən Müharibəsi iştirakçısı, qazı.

Azərbaycan Respublikası Mingəçevir şəhəri.