Samson Katsmandan, Massaçusets, ABŞ
Əziz cənab Prezident.
Mən adi bir insanam və Sizə ədalətin böyük təntənəsi, otuz ilə yaxın müddətdə bütün dünyanın gözü qarşısında pozulmuş beynəlxalq hüququn bərpasının – Sizin rəhbərliyinizlə Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmək uğrunda Vətən müharibəsində qazandığı Qələbənin güclü təsiri altında yazıram.
Təkcə Azərbaycan əhalisi deyil, Avropadan və İsraildən başlamış ABŞ-a qədər dünyanın müxtəlif yerlərində yaşayan on minlərlə bakılı, Azərbaycanın digər rayonlarının övladları, həmçinin Sizin ölkənizi sevən və ona səmimi rəğbət bəsləyən bütün insanlar bu xəbəri böyük sevinclə və təsvirəgəlməz ruh yüksəkliyi ilə qarşıladılar. 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində baş verənləri cəsarətlə XXI əsrin ən mühüm və gələcək nəsillərin yaddaşında həmişəlik qalacaq hadisələrindən biri adlandırmaq olar.
Bu tarixi Zəfər Azərbaycan rəhbərliyinin müdrik, məqsədyönlü işi, Azərbaycan cəmiyyətinin bütün sahələrdə çoxillik gərgin səyləri, azərbaycanlıların yüksək motivasiyası və vətənpərvərliyi, texnoloji cəhətdən qabaqcıl müasir ordu yaradılması sayəsində qazanılmışdı, minlərlə cəsur döyüşçü Vətən naminə öz canından keçmişdi.
Azərbaycanın təcrübəsi dünyanın bir çox ölkələrində diqqətlə öyrəniləcəkdir və artıq indidən öyrənilir.
Bu müharibənin informasiya təminatı Azərbaycanın qələbəsinin ən mühüm tərkib hissəsi idi. Azərbaycan KİV-lərinin Azərbaycan, rus, ingilis dillərində, eləcə də digər dillərdə fəaliyyəti sayəsində Azərbaycan bəlkə də müstəqillik qazandığı vaxtdan bəri ilk dəfə olaraq dünya media məkanına bu cür qüdrətli, güclü və çoxplanlı şəkildə daxil oldu. Bu da son dərəcə vacibdir, çünki uzun illər boyu həmin məkanda hadisələrin birtərəfli – yalnız ermənilərin xeyrinə işıqlandırılması mövqeyi üstünlük təşkil edirdi, Sizin ölkənizə münasibətdə aşkar qərəzlilik var idi.
Bu informasiya savaşında Sizin şəxsi rolunuzu xüsusi qeyd etmək istəyirəm. Dünyada minlərlə insan kimi, mən də Sizin Qərb KİV-lərinin jurnalistləri ilə müsahibələrinizi diqqətlə izləyirdim. Siz faktlar, inandırıcılıq, sözlərinizin arxasındakı həqiqət baxımından gözəl hazırlığa malik olmaqla bərabər, ingilis dilini mükəmməl bilməyiniz sayəsində həmsöhbətlərinizdən bir baş üstün idiniz. Bunlar, sadəcə, müsahibələr yox, əsl informasiya savaşı idi. Siz həmin savaşlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edirdiniz.
Sizin Orla Quyerin (Orla Guerin, BBC) ilə müsahibəniz yadımdadır. O, faktiki olaraq nəzakətsiz və həyasızcasına, tamamilə mentor tərzdə, prokurorsayağı, yolverilməz şəkildə Sizə hücum edirdi. Siz ona Assanjı misal göstərəndə onun, sadəcə, deməyə sözü qalmadı, Sizə etiraz edə bilmədi... Onun yeganə çıxış yolu mövzudan tələsik “qaçmaq” idi (və o belə də etdi).
Dekabrın 18-də MDB ölkələri rəhbərlərinin iclasında Sizin – dünya miqyasında tanınmış liderin parlaq, dərin, çoxşaxəli nitqi tarixə düşdü.
Mən Ukraynada doğulmuşam, orada böyümüşəm. Azərbaycan Respublikası tərəfindən mənim doğma Ukraynamın ərazi bütövlüyünün dəstəklənməsinə, bu məsələdə prinsipial mövqeyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm.
Son illərdə mən bakılı dostlarımın söylədiklərinin təsiri altında Azərbaycana, onun şanlı tarixinə və Sizin atanız – Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevə həsr edilmiş çoxlu yazılar oxumuşam, bir neçə filmə baxmışam.
Ulu Tanrı Heydər Əliyevə əsil siyasətçi məharəti bəxş etmişdi. Bu genişürəkli insan başqalarının arzularını həyata keçirməyi bacarırdı, istedadlı insanlar onun köməyi ilə öz istedadlarını reallaşdıra biləndə o sevinirdi. Heç nə ilə müqayisə edilə bilməyəcək bu sevinc, başqalarını xoşbəxt etmək kimi bu heyrətamiz Allah vergisi yalnız seçmə insanlar, geniş qəlbli insanlar üçün əlçatan olur!
Sizə əsla yarınmaq istəmədən, tam səmimi hörmətlə demək istəyirəm ki, Siz öz dahi atanızın layiqli oğlu və onun işinin layiqli davamçısısınız.
Sizə və bütün yaxınlarınıza firavanlıq, gözəl ölkəniz Azərbaycana, onun xalqına sülh və əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
Samson Katsman.
ABŞ, Massaçusets ştatı, Şrusberi şəhəri.