30 yanvar 2021, 13:45

Arzu Əliyevadan, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Doğma Qarabağımızın azadlığı uğrunda aparılan haqq savaşında qazandığımız parlaq qələbə münasibətilə Sizi ailəmiz adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı yolunda atdığınız bütün addımlarda böyük uğurlar arzu edirəm.

Vətən torpaqları uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mən bir ana olaraq fəxr edirəm ki, oğlum Mirmövsüm Əhmədov şəhidlik zirvəsinə ucalaraq ölümə qalib gəlmiş ölümsüzlərdəndir.

Allah Sizdən razı olsun ki, biz şəhid ailələrinə və qazilərimizə diqqət və qayğınızı əsirgəmirsiniz. Sizə və şəhid valideynlərinə kömək göstərən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Mən bu gün fəxrlə deyirəm: Vətən sağ olsun! Ali Baş Komandan sağ olsun!

Cənab Prezident, Vətən torpağı şəhid qanı ilə sulandıqca müqəddəsləşir. Fəxr edirəm ki, bu müqəddəs torpaqda mənim oğlumun da qanı var.

Allah bir daha torpağımıza, dövlətimizə bu ağrı-acıları yaşatmasın! Qoy bundan sonra anaların gözləri övlad toylarında sevinc göz yaşları ilə dolsun!

Allah daima yar və yardımçınız olsun! Amin!

Hörmətlə,

Əliyeva Arzu Gülbala qızı, şəhid anası.

Azərbaycan Respublikası, Neftçala şəhəri.