30 yanvar 2021, 11:31

Əhməd Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uzaqgörən siyasətiniz nəticəsində uzun illərdir düşmən tapdağı altında olan Qarabağımız azad edildi. Bu möhtəşəm qələbə ilə Siz öz gücünüzü bir daha bütün dünyaya sübut etdiniz. Siz müzəffər Ordumuzun yenilməz Ali Baş Komandanı olaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz. Bu böyük zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik. Sizə nə qədər təşəkkür etsək, azdır. Sevincimizin həddi-hüdudu yoxdur, cənab Prezident.

Siz qüdrətli dövlət başçısı olmaqla yanaşı, həm də layiqli övladsınız. Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Xalqı, milləti üçün yaşayan, ömrünü millətinə həsr edən Ulu Öndərimizin ruhu indi şaddır. Nə xoş Sizə ki, bu çətin işi şərəflə başa çatdırdınız. Siz də Ulu Öndər kimi xalqımızın qəlbində əbədiyaşarlıq qazandınız, adınızı xalqımızın tarixinə qızıl hərflərlə həkk etdirdiniz.

Hazırda Sizin sayənizdə ölkəmiz günü-gündən çiçəklənir və inkişaf edir. Xalqımız xoşbəxt və firavan yaşayır. Siz bütün dünyanı qarşınıza almaqla həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldiniz. Beynəlxalq aləm bir daha Sizin liderliyinizin şahidi oldu.

Sizin bir rəhbər kimi dövlətimiz və xalqımız üçün etdiklərinizin qarşısında kəlmələr acizdir. Sizi çox sevirik və Sizinlə fəxr edirik, cənab Prezident!

Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdiyiniz yüksək diqqət və qayğının şahidiyik. Biz də, öz növbəmizdə, vətəndaş məsuliyyətimizi dərk edərək, bir iş adamı olaraq, şəhid ailələrinə dəstək olmağı özümüzə borc bilirik. Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Hüseynov Əhməd,

“Xalça dünyası” MMC-nin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.