28 yanvar 2021, 12:34

Qənbər Qurbanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin yüksək sərkərdəlik məharətiniz sayəsində Vətən müharibəsində qazandığımız parlaq qələbə münasibətilə Kəlbəcər rayonu ictimaiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin çoxsaylı üzvləri, Aşıq Şəmşir ailəsi və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirik. Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür, həyat yolunuzda yeni qələbələr və zəfərlər arzulayırıq.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin rəhbərliyinizlə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dünyanın ən aparıcı dövlətlərdən birinə çevrilmiş, Azərbaycanda bütün dünyaya örnək olacaq xalq-iqtidar birliyi formalaşmışdır. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə aparılan və şanlı qələbə ilə başa çatan Qarabağ zəfərimiz bu birliyin və xalqımızın Sizə olan etimadının növbəti təntənəsidir.

Müstəqil Azərbaycanımızın qurucusu ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin adınız dünya diplomatiyasının səhifələrinə qüdrətli siyasətçi kimi qızıl hərflərlə çoxdan yazılmışdır. Sizin rəhbərliyinizlə əldə etdiyimiz bu tarixi qələbə onu deməyə əsas verir ki, Sizin adınız artıq dünya hərb tarixinə də mahir sərkərdə kimi böyük hərflərlə həkk olunub. Siz Qarabağı fəth edən Fateh kimi türk dünyasının böyük sərkərdəsisiniz.

Sizin ardıcıl, məqsədyönlü və müdrik siyasətiniz sayəsində bu gün xalqımız firavan və əmin-amanlıq şəraitində yaşayır. Ölkəmiz bütün sahələrdə böyük uğurlara və nailiyyətlərə imza atır. Sizin rəhbərliyinizlə mədəniyyət sahəsində də böyük işlər görülür. Məhz bu işlərin nəticəsidir ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri sayəsində Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına bu günə qədər 13 qeyri-maddi mədəni irs nümunəsi daxil edilmişdir. 2009-cu ildə Aşıq sənətinin bu siyahıya daxil edilməsi hər birimiz üçün sevindirici və qürurverici bir hadisə olmuşdur.

Hörmətli cənab Prezident, ulu öndərimiz Heydər Əliyev və eyni zamanda Siz XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin irsinə hər zaman böyük dəyər vermisiniz. Buna görə Sizə həmişə minnətdarıq.

Rəhbərlik etdiyim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ölkədə aşıq sənətinin təbliği sahəsində həyata keçirilən işlərə öz töhfəsini vermək məqsədilə əməli addımlar atmaqdadır. AMEA-nın Folklor İnstitutunda xalq musiqisi və dastançılıq ənənələri üzrə UNESCO-“Aşıq Şəmşir” kafedrasının yaradılması barədə UNESCO tərəfindən verilən qərarla bağlı bu günlərdə aldığımız xəbər bizləri hədsiz dərəcədə sevindirdi.

Möhtərəm cənab Prezident, ölkəmizin qazandığı bütün uğurlar Sizin apardığınız uzaqgörən və məqsədyönlü siyasətin nəticəsində əldə olunmuşdur. Dövlətimizin inkişafı naminə gördüyünüz misilsiz işlərə görə Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bütün bu nailiyyətlər bizi hədsiz dərəcədə sevindirir, qəlbimizi fərəh və qürur hissi ilə doldurur.

Uca Allahdan Sizə, ailənizə cansağlığı, xalqımızın rifahı və dövlətimiz işıqlı gələcəyi naminə qarşıdakı fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Hörmətlə,

Qurbanov Qənbər,

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.