27 yanvar 2021, 14:45

Səddam Əzizlidən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik Ali Baş Komandan kimi Sizin rəhbərlik etdiyiniz qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm bir qələbə qazandı. Bu böyük zəfər münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.

Güclü və qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması, inkişafı və vətənə sədaqətli, peşəkar hərbçi kadrların yetişdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Sizin tərəfinizdən böyük uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün məğlubedilməz Azərbaycan Ordusu bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək, işğal altındakı torpaqlarımızı düşməndən azad etmiş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında Sizin uzaqgörən siyasətiniz, fədakar əməyiniz və sarsılmaz xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmənin əli bu torpaqlara uzana bilməz.

Allah Sizi, ailənizi və xalqımızı qorusun!

Hörmətlə,

Əzizli Səddam Nazim oğlu,

Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.