27 yanvar 2021, 13:38

Bəsti Bağırova küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad olundu. Azərbaycan xalqına bəxş etdiyiniz qüruru və sevinci sözlə ifadə etmək çətindir. Bizə belə bir möhtəşəm qələbə əzmini yaşatdığınız üçün Sizə və qüdrətli Ordumuza minnətdarıq.

Cənab Prezident, müharibə zamanı evlərimiz dağıldı, hərbçi şəhidlərlə yanaşı, mülki şəhidlərimiz də oldu. Ancaq qazanılan qələbə ilə şəhidlərimizin qanını yerdə qoymadınız. Bu gün onların ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əziz Prezidentimiz, müharibədən dərhal sonra düşmən tərəfindən dağıdılan Tərtər rayonunda abadlıq-quruculuq işlərinə başlanılıb. Yaşadığımız Bəsti Bağırova küçəsində səliqə-səhman yaradılıb, yollara asfalt döşənib, divarlar bəzək daşları və aqlayla üzlənib. Hazırda abadlıq işləri davam etdirilir.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə küçəmizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Tərtər bundan sonra daha gözəl, daha abad bir şəhərə çevriləcək.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Bəsti Bağırova küçəsinin sakinləri adından,

Qayıbova Təranə,

Məmmədov Fikrət,

Əhmədov Adil,

Sultanova Zenfira,

Məmmədov Vaqif.

Azərbaycan Respublikası, Tərtər şəhəri.