26 yanvar 2021, 16:41

Mikayıl Məhərrəmovdan, Mingəçevir, Azərbaycan

Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz Azərbaycan xalqının canı, qanı və qürurusunuz. Mənim Sizin şəxsiyyətinizə olan sevgim sonsuzdur.

Sizin yanvarın 14-də Şuşa şəhərinə getməyiniz, orada tarixi-dini abidələrimizi, məscidlərimizi ziyarət edib, “Qurani Kərim” hədiyyə etməyiniz, Bayraq meydanında, Molla Pənah Vaqifin məqbərəsi önündə, Cıdır düzündəki tarixi çıxışlarınız mənim qəlbimdə böyük şəxsiyyətinizə olan hisslərimi məktubla Sizə bildirməyə həvəsləndirdi.

Onu da qeyd edim ki, Sizin şəxsiyyətinizlə bağlı bildirəcəyim xoş sözlər yalnız böyük dəryadan bir damla ola bilər.

Hörmətli Prezidentim, Sizin bütün çıxışlarınız səmimiyyətə və yüksək əxlaqi dəyərlərə söykənir. Siz çıxış edərkən, hər sözünüz, hər bir jestiniz bizim üçün çox qiymətli, dəyərli və deyərdim ki, görəcəyimiz işlər üçün yol xəritəsidir. Siz hər hansı bir sözü, cümləni elə-belə işlətmirsiniz. Sizin hər bir sözünüzün arxasında böyük məntiq və məna dayanır.

Sizin kimi böyük şəxsiyyətlərə tarixdə nadir hallarda rast gəlinir. Allaha şükür edirik ki, Azərbaycan xalqına və dövlətinə bu böyük, dahi, əvəzolunmaz şəxsiyyət rəhbərlik edir. Biz xoşbəxt xalqıq ki, Sizin rəhbərlik etdiyiniz bir ölkənin vətəndaşlarıyıq və Sizinlə bir dövrdə yaşayırıq. Bunu dərk etməyən insan kardır, kordur, hissiyyatı olmayan bir məxluqdur.

Siz hər bir çıxışınızla xalqımıza, millətimizə, torpağımıza olan sevgini, məhəbbəti və səmimiyyəti hiss elətdirirsiniz. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Sizin kimi, İlham Heydər oğlu Əliyev kimi Prezidenti və Müzəffər Ali Baş Komandanı var.

Mən qürurlu, əzəmətli, qalib, yenilməz sərkərdə kimi şəxsiyyətinizlə fəxr edir və qartal baxışlı gözlərinizdən öpürəm. Sizinlə bağlı ürəyimdən gələn xoş sözlər çoxdur, tükənməzdir. Allah Sizi və ailə üzvlərinizi qorusun.

Böyük Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmasını arzu edirəm.

Yaşasın Azərbaycanın Müzəffər Ordusu!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Çox böyük sevgi və səmimi hörmətlə,

Məhərrəmov Mikayıl Məhəmmədəli oğlu,

Ağdam rayonunun Maqsudlu kənd sakini.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.