14 yanvar 2021, 10:24

İsmail İnaldan, Antalya, Türkiyə

Hörmətli cənab Prezident İlham Əliyev,

44 gün davam edən müharibənin sonunda haqlı olaraq qazandığınız zəfər münasibətilə başda Siz olmaqla can Azərbaycanı cani könüldən təbrik edirəm. Qələbəniz mübarək!

Sizin və hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dilə gətirdiyini “İki dövlət, tək millət” şüarı adi sözlər deyil, qəlbimizin dərinliklərindən gələn bir ifadədir. Yaşasın Azərbaycan-Türkiyə dostluğu!

İşğal edilən torpaqların geri alınmasında şücaət göstərən əsgərlərə sevgi və salamlarımı göndərir, hər birinin gözlərindən öpürəm.

27 sentyabrdan başlayaraq gecə-gündüz müharibənin gedişatını televiziya kanallarından böyük həyəcanla izlədik

Cənab Prezident, xalqlarımız arasında olan könül bağını ifadə etmək, içimdəki səmimi duyğularımı kağıza köçürmək üçün sözlər acizdir. Azərbaycanı ziyarət edib, oradakı qardaşlarımla üz-üzə görüşüb onlarla qucaqlaşa bilmək ən böyük arzumdur.

75 yaşındayam, gəzməkdə çətinlik çəkirəm, lakin buna baxmayaraq, Ağdam, Laçın, Cəbrayıl, Gəncə, Şuşa, Füzuli, Cəbrayıl, Bakıda keçirilən zəfər şənliklərində Azərbaycan xalqı ilə birlikdə bir əlimdə Türkiyə, digər əlimdə Azərbaycan Bayrağı ilə iştirak etmək ən böyük arzum idi. Aranızda ola bilmədik, ancaq bütün baş verənləri həyat yoldaşımla birlikdə televiziya kanallarından göz yaşları ilə seyr etdik. Sizin televiziya kanallarında gözlərinizin içi gülərək, yumruğunuzu möhkəm sıxaraq dediyiniz “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, “Nə oldu Paşinyan?”, “Cəhənnəmə getdi” ifadələriniz indi də qulağımızdadır. O sözləri tez-tez xatırlayırıq. Evimin bir hissəsində qürur duyduğum Mustafa Kamal Atatürkün rəsmi dəyərli Prezidentim Rəcəb Tayyib Ərdoğanla və Türk Bayrağı ilə birlikdə yer alır. Buraya ölkənizdən göndəriləcək Azərbaycan Bayrağını və Sizin imzalı rəsminizi də yerləşdirmək istəyirəm.

Çox sevgili qardaşım İlham Əliyev, zəfərinizi bir daha təbrik edir, şəhidlərimizə Uca Rəbbimdən rəhmət, yaxınlarına səbir, yaralılara şəfa diləyirəm. Atanız Heydər Əliyevi rəhmətlə anır və ruhu qaşısında hörmətlə baş əyirəm.

Sizə, Mehriban xanım Əliyevaya, digər ailə üzvlərinizə ailəmiz adından hörmət və ehtiramımı çatdırıram.

Könüllərimiz bir, dualarımız bir,

Bir Allahın qullarıyıq biz.

Haşbahçe yurdumuzdur,

Eyni bağın gülləriyik biz.

Hörmətlə,

İsmail İnal

Türkiyə Respublikası, Antalya şəhəri.