08 yanvar 2021, 16:47

Tənzilə Rüstəmxanlıdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

İşğalçı erməni faşizmi üzərində parlaq qələbə ili kimi tarixə düşəcək 2020-ci ilin sonunda, işinizin son dərəcə çox olduğu bir vaxtda, imkan tapıb Vətənimizə və millətimizə borc kimi gördüyüm işi yüksək dəyərləndirərək məni dövlətimizin ali mükafatı, “Şöhrət” ordeninə layiq görməyinizdən çox duyğulandım.

Qarabağı, Şuşanı azad görmək, bir vətəndaş olaraq, mənim ən böyük mükafatım idi. Siz 2020-ci ildə bizə bu zəfəri bəxş etdiniz! Müzəffər Ali Baş Komandanımız olaraq, Azərbaycanın işğal edilmiş torpaqlarını geri alan Sərkərdəmiz olaraq mükafatların ən alisini versəniz də, bununla kifayətlənməyərək hər bir vətəndaşımıza da ayrı-ayrılıqda diqqət və qayğınızı hiss etdirdiniz. Göstərdiyiniz bu etimada görə Sizə ürəkdən minnətdaram və Sizi əmin edirəm ki, bundan sonra da ictimai həyatda, eləcə də Azərbaycanın diaspor təşkilatları ilə əlaqələrin möhkəmlənməsi və dövlətimizin maraqlarının qorunması yolunda bacarığımı əsirgəməyəcəyəm.

Biz, Sizinlə, əziz Mehriban xanımla fəxr edirik. Sizin hərbi geyimdə, çiyin- çiyinə, qürurla azad olunmuş Qarabağ torpaqlarında addımladığınızı görəndə ürəyimiz dağa dönür. Allah Sizi həmişə qoşa qanad kimi yüksəltsin. Sizə Vətənimizin firavan gələcəyi naminə həmişə birgə, yorulmadan çalışmaq imkanı versin! Düşmən başı əzən Dəmir yumruğunuz heç vaxt boşalmasın!

Hörmətli cənab Prezident!

Fürsətdən istifadə edib Sizə, hörmətli Mehriban xanıma ilk günlərini yaşadığımız 2021-ci ildə və bir ömür boyu, ailəmizin və şəxsən öz adımdan uğurlar, möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzulayıram.

Hörmətlə,

Rüstəmxanlı Tənzilə,

Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.