07 yanvar 2021, 15:05

Milli Qəhrəmanlar, Qarabağ müharibəsi əlilləri, şəhid ailəsi üzvləri və müharibə veteranlarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Uzun illərdir erməni işğalçıları tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi istiqamətində Sizin əmrinizlə 2020-ci il sentyabrın 27-də ordumuz tərəfindən başlanılmış uğurlu əks-hücum əməliyyatı sayəsində şanlı Qələbə qazanmağa nail olmuşuq.

Uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan Ordusu istər texniki təchizat, istərsə də şəxsi heyətin döyüş hazırlığı və taktikası baxımından müasir hərb elminin ən son nailiyyətlərinə yiyələnərək erməni ordusu haqqında uzun illərdir mövcud olan mifi darmadağın etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Ermənistanın beynəlxalq hüququn normalarına zidd olaraq ermənipərəst dövlətlər tərəfindən silahlanmasına, ordusuna terrorist qruplaşmaların, Suriyadan gətirilmiş erməni əsilli muzdlu döyüşçülərin cəlb edilməsinə baxmayaraq, qısa zaman kəsiyində - 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyimiz uğurlar, itkilərimizin düşmən tərəflə müqayisədə xeyli az olması bir daha ordumuzun peşəkarlığını, yüksək hazırlığını göstərdi.

Döyüş meydanında hərbi əməliyyatların davam etdiyi dövrdə Sizin xarici dövlətlərin media nümayəndələrinin ittiham yönümlü suallarını yüksək peşəkarlıqla cavablandıraraq Qarabağın qədim Azərbaycan torpağı olmasını bütün dünyaya sübut etməyinizlə yanaşı, apardığımız informasiya müharibəsində də qalib olmağımız bizim üçün qürurvericidir.

Uzun illərdir yürütdüyünüz uğurlu xarici siyasət nəticəsində qondarma “Dağlıq Qarabağ rejimi” heç bir dünya ölkəsi tərəfindən tanınmamış və 2020-ci il noyabrın 8-də Qarabağın ürəyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə qondarma rejimin süqutu da başa çatmışdır.

Siz düşməni diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur edərək, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir nəfər də olsun şəhid vermədən geri qaytarılmasına, Laçın dəhlizinin Azərbaycan dövlətinin maraqları çərçivəsində qurulmasına nail oldunuz. Azərbaycan xalqı Sizin kimi güclü sərkərdə və uzaqgörən diplomata sahib olduğu üçün fəxr edir.

Cənab Prezident, “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin 1-ci hissəsinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.

Sizin istər Azərbaycan Respublikasının dövlət və dövlətçiliyinin qorunması istiqamətində, istərsə də Vətən müharibəsi zamanı göstərmiş olduğunuz müstəsna xidmətlərin xalqımız tərəfindən yüksək qiymətləndirilərək, “Milli Qəhrəman” adı ilə təltif edilməyinizi ürəkdən arzulayır və bütün qəlbimizlə dəstəkləyirik.

Hörmətlə,

Həmidov Nəriman Şükür oğlu, Milli Qəhrəman Şükür Həmidovun atası,

Həşimov İlham İsrail oğlu, Milli Qəhrəman Polad Həşimovun qardaşı,

Quliyev Vahid Həbibulla oğlu, Milli Qəhrəman,

Əliyev Namiq Həsən oğlu, I qrup Qarabağ əlili,

Şəfiyev Adil Bahadur oğlu, şəhid Habil Şəfiyevin qardaşı,

Sadıqov Rizvan Ağa oğlu, şəhid Eldəniz Sadıqovun qardaşı və başqaları,

(cəmi 41 min nəfər – Azərbaycanın Milli Qəhrəmanları, I və II Qarabağ müharibəsi əlilləri, şəhid ailəsi üzvləri və müharibə veteranları). Azərbaycan Respublikası, Bakı şəhəri.