04 yanvar 2021, 13:29

Mirzə Mirzəyevdən, Sabirabad, Azərbaycan

Müzəffər Ali Baş Komandan, ikinci Vətən müharibəsinin Milli Qəhrəmanı, şərəfli ordu generalı, qarabağlıları başıuca edən əbədi Prezidentimiz İlham Əliyev!

Allah Sizi qorusun! Siz biz köçkünləri sevindirdiniz, Allah da Sizi sevindirsin. Arzu edirəm ki, bütün azad edilmiş rayonlarda heykəliniz ucaldılsın. İstərdim ki, uzun illər Prezidentimiz olasınız və işğaldan azad olunmuş yerlərimizi əvvəlkindən də gözəl məkana çevirəsiniz. Çox sağ olun ki, 30 il əsirlikdə olan torpaqlarımızı azad etdiniz. Qarabağ həsrəti ilə dünyasını dəyişmiş ulu öndər Heydər Əliyevin ruhu şad oldu. Mən Laçın rayon sakiniyəm. 65 yaşım var, artıq ümidim yox idi ki, bir daha Laçını görə bilərəm. Siz Laçını azad etməklə mənə yeni həyat verdiniz.

Cənab Prezident, 1998-ci ildə Ulu Öndərə həsr etdiyim şeirimi Sizə göndərirəm:

Heydər baba

Ulu peyğəmbərsən, müqəddəs imam

Bu ada layiqsən bil Heydər baba

Düşməni susdurub alıb intiqam

Ol mənim ağzımda dil, Heydər baba!

Sən bir yaraşıqsan Azərbaycana

Sən gələndən Vətən gəlibdir cana

Bu sınıq qəlbimi döndərmə qana

Alnıaçıq yaşa, gül, Heydər baba!

Laçınım alınsın, gedim Laçına

Lənət deyim erməninin xaçına

Başı batmış saqqallının saçına

Ovuc-ovuc töküm kül, Heydər baba!

Kəndimdə ucalsın böyük heykəlin

İtsin arasında gülün-çiçəyin

Allah dayaq dursun olsun köməyin

Acı göz yaşımı sil, Heydər baba!

Həmişə müqəddəs and yerim sənsən

Güllü yaylağımın gül qönçəsisən

Kəsməsin yolunu nə duman, nə çən

Gözəl Qarabağa gəl, Heydər baba!

Mirzəyəm, yazsam da sinəm doludur

Heydər adı ululardan, uludur

Tutduğun yol Həzrət Əli yoludur

Özün göstər mənə yol, Heydər baba

Hörmətlə,

Mirzəyev Mirzə, Laçın rayon sakini

Azərbaycan Respublikası, Sabirabad rayonu.