Mehriban Ovçuyevadan, Strazburq, Fransa
Hörmətli cənab Prezident!
İcazə verin Sizə “doğma cənab Prezident” deyə müraciət edim. Siz 44 günlük müharibə və ondan sonra işğaldan azad olunan ərazilərə səfərləriniz dövründə etdiyiniz müraciətlərlə məkanından asılı olmayaraq hər bir azərbaycanlı üçün daha da doğmalaşdınız. Bir növ "Prezident" iyerarxiyasını aradan qaldırdınız, biz hamımız bir olduq, eyni olduq.
Doğma Prezident, mən 2011-ci ildən Fransanın Strazburq şəhərində yaşayıram. İxtisasca hüquqşünasam. Hazırda burada konsultant kimi hüquq xidmətləri göstərirəm. Bu ilin avqust ayından eyni zamanda Diaspora Komitəsinin Fransa üzrə Koordinasiya Şurasının həməlaqələndiricisi seçilmişəm.
Hələ 90-cı illərin əvvəllərində mərhum Prezident Heydər Əliyev Moskvadan Naxçıvana qayıdanda mən uşaq idim. Lakin buna baxmayaraq onun möhkəm iradəsinə və rəşadətinə daim qibtə edirdim. 1993-cü ildə Bakıya dönüşünün bizə yaşatdığı sevinci isə sözlə ifadə edə bilməyəcəm. Həmişə düşünürdüm ki, bu insan xəyanətə sinə gərən ədalətin bariz nümunəsidir. Onun indiki Azərbaycanı kərpicbəkərpic necə tikdiyini bir film kimi izləmişik.
Səmimi deyim ki, Sizin siyasi kursunuzu 2016-cı ildən başlayaraq mütəmadi olaraq izləməyə başladım və mərhum Heydər Əliyevin bünövrəsi əsasında qurduğunuz Yeni Azərbaycanın yeni dəsti-xətt ilə inkişaf etdyinin şahidi oldum. Siz sözün yaxşı mənasında bürokratik elita qura bilmisiniz və Sizin komandanızın müharibə şəraitindəki idarəetmə texnikası bütün bu illər ərzində reklam edilmədən görülən işlərin böyüklüyünü hamı üçün aydın etdi. Bütün Azərbaycan xalqı Sizin bundan əvvəlki çıxışlarınızda istifadə etdiyiniz hər kəlimə ilə əslində xalqa, qonşulara, beynəlxalq dairələrə bir mesaj ötürdüyünüzün fərqinə vardı və əmin oldu ki, Siz atanızın zəngin genlərini daşıyan dünya səviyyəli siyasətçi və Azərbaycan dövlətinin müstəqillik qarantısınız. Xalq anladı ki, hər şeyin ictimaiyyətə açıqlanmaması əslində həmin vəziyyətin tələb etdiyi oyunun qaydaları ilə oynayan müdrik və uzaqgörən başçısının idarəçilik taktikasıdır.
Hər bir ölkənin lideri öz xalqını nəinki siyasi cəhətdən təmsil edən, həm də xalqının xüsusiyyətlərini daşıyan bir şəxsiyyətdir. Bu mənada Siz əsil Qafqazlı qətiyyətiniz və mərdliyiniz, müsəlman mərhəmətiniz və elitar mədəniyyətinizlə xalqımızın ən uğurlu və nümunəvi təmsilçisisiniz. Sizinlə qürur duyuruq. Sizi, Ordumuz və xalqımızla bir yumruq olaraq qazandığınız möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Yəqin ki, bu ilki ad gününüzə ən gözəl hədiyyəni Azərbaycan Ordusu edib. Odur ki, yaşasın Azərbaycan Ordusu və onun Ali Baş Komandanı!
Mərhum Heydər Əliyevin və şəhidlərimizin uca ruhlarına Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Əmin olun ki, bütün maddi, mənəvi və elmi bacarıqlarımızla Sizin və Azərbaycanın yanındayıq və haqq səsimizi bütün platformalarda ucaltmaqdan yorulmuruq.
Hörmətlə,
Ovçuyeva Mehriban
Fransa Respublikası, Strazburq şəhəri.