26 dekabr 2020, 15:15

Səkinə və Əlikömək Sahratovlardan, Yardımlı, Azərbaycan

Hörmətli Prezident!

Sizi və Azərbaycan xalqını, o cümlədən qəhrəman Ordumuzun hər bir üzvünü işğal altında olan torpaqlarımızı azad edərək Qələbə çalmağınız münasibətilə təbrik edirik. Müzəffər Ordumuzun qısa bir vaxtda, 44 gün ərzində böyük Zəfər əldə etməsi bütün dünyaya sübut etdi ki, biz türk övladları nəyə qadirik. Bu Qələbə Sizin uzaqgörənliyiniz, döyüşkən Ordumuza düzgün yol göstərməyiniz sayəsində olmuşdur. Türk xalqının və onun dövlət başçısı, qardaşımız, canımız olan Rəcəb Tayyib Ərdoğanın bütün varlığı ilə bizim yanımızda olaraq dəstək verməsini heç vaxt unutmayacağıq.

Cənab Prezident, bizim oğlumuz tank komandiri, gizir Sahratov Cavid aprel döyüşlərinin nümunəvi iştirakçısı olmuşdur. O, 2020-ci ildə başlanmış Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır. Döyüş yoldaşları Cavidin qorxmazlığından, igidliyindən ağız dolusu danışdıqca həm qürur hissi keçirir, həm də qəhərdən boğuluruq.

Hörmətli Prezident, Siz və böyük türk qardaşımız Rəcəb Tayyib Ərdoğan sağ ikən adınızı tarixə əbədi olaraq qızıl hərflərlə yazdınız. İki dövlət, bir millət olan bütün türk xalqı siz iki qardaşla fəxr edir. Bizim arzumuz budur ki, Qarabağın ən gözəl guşələrinin birində Siz iki qardaşın əl sıxaraq gözəl Qarabağımızı seyr etdiyiniz formada heykəliniz qoyulsun. Biz də şəhid valideynləri olaraq həmin heykəli seyr etməyə gələk.

Hörmətlə,

Sahratov Əlikömək, şəhid atası

Sahratova Səkinə, şəhid anası

Azərbaycan Respublikası, Yardımlı rayonu, Əsədabad kəndi.