Rauf Zeynidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Bu gün Azərbaycan tarixinə parlaq, qürurverici, şanlı, tarixi zəfərlərimiz yazılır. Sizin Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusu 30 il ərzində Ermənistan silahlı birləşmələrinin işğalı altında qalan torpaqlarımızı addım-addım işğaldan azad etmişdir. Sizin apardığınız müqəddəs Vətən müharibəsi Azərbaycan xalqını 30 illik arzu və istəklərinə qovuşdurmuşdur.
Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Sizin göstərişinizlə müzəffər Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu başlatdığı əks-hücum əməliyyatları nəticəsində 5 rayonumuzun şəhər və qəsəbələri, yüzlərlə kəndi, strateji əhəmiyyət daşıyan yüksəklikləri düşməndən təmizlənmiş, həmin ərazilərimizdə üçrəngli bayrağımız dalğalanmışdır. Digər ərazilərimiz isə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanat ilə geri qaytarılmış, bununla da mənfur düşmən təslimçilik müqaviləsini imzalamağa məcbur edilmişdir. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, qüdrətli və yenilməz sərkərdəmiz - Sizin rəhbərliyinizlə cəsur zabit və əsgərlərimiz dünya güclərinin uzun illər göz yumduğu tarixi ədaləti bərpa etmişdir.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, əzəli torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canından-qanından keçən şəhidlərimizin qanı yerdə qalmadı. Xalqa müraciətlərinizdə dəfələrlə xalqımıza dövlətimizin, Azərbaycan Ordusunun haqq yolunda olduğunu, böyük qələbənin hər gün, hər an yaxınlaşdığını qətiyyətlə və inamla bəyan etmişdiniz. Müharibənin ilk günündən sentyabrın 27-də xalqa müraciətinizdə bir daha qətiyyətlə bildirmişdiniz: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, bütün soydaşlarımız və bütövlükdə türk dünyası Sizin apardığınız milli, bəşəri və mütərəqqi siyasəti hər zaman dəstəkləyir və bu böyük qələbəyə hər bir vətəndaş inanmışdır.
Möhtərəm cənab Prezident!
2006-ci ildə Sizə ünvanladığım məktubda qeyd etmişdim ki, Siz Azərbaycan xalqının yaddaşında Qurucu İlham kimi qalacaqsınız. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz və müzəffər Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində qazanılan tarixi zəfərə görə isə Siz Azərbaycan tarixində Qarabağ Fatehi kimi yaddaşlara həkk olunacaqsınız.
Sizi Azərbaycan Milli QHT Forumu adından və şəxsən öz adımdan torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir, Sizinlə qürur duyduğumuzu bildiririk. Azərbaycan xalqına yaşatdığınız bu tarixi Zəfər üçün vətəndaş cəmiyyəti kimi öz təşəkkürümüzü bildirir, Sizə və ailənizə böyük uğurlar və tarixi qələbələr diləyirik.
Hörmətlə,
Rauf Zeyni, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.