24 dekabr 2020, 15:23

Dilşad Rzayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən bu məktubu Sizə mərhum general Zadir Rzayevin həyat yoldaşı olaraq, onun ailəsi və dostları adından yazıram. Zadir Rzayev birinci Qarabağ müharibəsində Kəlbəcərin və Laçının, Ağdərənin böyük hissəsinin ermənilərdən təmizlənməsinə rəhbərlik etmişdir. Təsadüfi deyildir ki, məhz onun Bakıya geri çağırılmasından sonra həmin torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Lakin bu gün Sizin möhtəşəm siyasətinizlə, komandanlığınızla həmin torpaqlar yenidən bizimdir. Bunun üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Hörmətli cənab Prezident!

Gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük xidmətləri olan şəxslərin təbliğinin əhəmiyyəti danılmazdır. Belə işlərin tərkib hissəsi kimi mərhum Zadir Rzayev haqqında Sizin dəstəyinizlə çəkilmiş "Komandir" ("Səngər generalı") adlı sənədli film 2020-ci il dekabrın 6-da televiziya ilə nümayiş etdirildi.

Vaxtı ilə ulu öndər Heydər Əliyev Zadir Rzayevin fəaliyyətini və mövqeyini yüksək qiymətləndirmiş, onun vəzifə tapşırığını yerinə yetirərkən qəzaya düşməsi nəticəsində aldığı xəsarətlərdən müalicə olunmasında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva şəxsən kömək göstərmişdir. Z.Rzayev haqqında filmin ərsəyə gəlməsinə yardımçı olmağınız sübut edir ki, biz hər zaman həyatımızda Sizin və ailənizin dəstəyini hiss etmişik.

Möhtərəm cənab Prezident!

İndi Zadir Rzayevin ruhu şaddır. Onun uğrunda döyüşdüyü və satqınlıq, səhlənkarlıq nəticəsində əldən gedən torpaqlar artıq azaddır. Onun xatirəsi dövlətimiz və vətəndaşları tərəfindən uca tutulur. Bu gözəl, işıqlı, bütöv Azərbaycanın memarları Ümummilli Liderimiz və Sizsiniz. Hər şey üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Yaşasın Ali Baş Komandan və onun rəşadətli Ordusu!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rzayeva Dilşad

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.