Elxan Hüseynovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sumqayıt Dövlət Universitetinin Elmi Şurası, professor-müəllim heyəti və tələbələri adından Sizi Azərbaycanın zəfəri münasibətilə təbrik edir, müqəddəs Vətənimizin daha da çiçəklənməsi yolundakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm!
Biz Azərbaycan olaraq həmişə tarix yaratdıq. Bu tarixi Sizin kimi qüdrətli sərkərdələrimiz və tarixi şəxsiyyətlərimizin əzmi ilə yazdıq. Haqq-ədalət uğrunda 44 günlük tarixi savaşımız, haqq işimiz, bunu bir daha sübut etdi.
Qərinəyə, əsrə bərabər olan 44 günlük haqq savaşımızla dünya düzəni, mizanı dəyişdi. Tarix təkrarlandı, qəhrəmanlar diyarı Odlar Yurdu Azərbaycanın bayrağı Murov zirvəsində sancıldı, Şuşa qalasında qaldırıldı və artıq müqəddəs Qarabağımızın hər bir yerində dalğalanır.
Möhtərəm cənab Prezident!
44 günlük tarixi savaşla məğlubedilməz xalqın Lideri olduğunuzu bəşəriyyətə sübut etdiniz. Yer üzünə səpələnən 50 milyondan çox azərbaycanlının, milyonlarla müsəlmanın qürur mənbəyinə çevrildiniz! “Bizim işimiz haqq işidir! Biz zəfər çaldıq! Qarabağı geri aldıq! Qarabağ Azərbaycandır!”- dediniz.
Ali Baş Komandanımızın iradəsi, müzəffər Ordumuzun cəsarəti, şəhidlərimizin tökülən al qanı ilə tarixi ədalət bərpa edildi! Biz qüdrətli, əyilməz, cəsarətli xalqıq. Ən çətin məqamlarda Sizin sayənizdə dəmir yumruq kimi birləşə bildik. Biz bunu 20 Yanvar dəhşətləri, Xocalı faciəsi ilə sınağa çəkiləndə, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində mühüm addımlar atanda, ulu öndər Heydər Əliyevlə birlikdə Qayıdış, Qurtuluş dastanı yazanda yaşadıq!
Möhtərəm cənab Prezident!
Bir kərə yüksələn bayrağı bir daha enməz edən, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”-nidası ilə yeni tarix yaradan Qüdrətli Lider!
İşğaldan azad olunmuş torpaqlarımızın hər qarışında bu gün Azərbaycan bayrağı dalğalanır. Dekabrın 10-da Qələbə Paradı keçirildi! Azadlıq meydanı Qələbənin rəmzi kimi üçrəngli, hilallı, ulduzlu Bayrağımızla süsləndi! Səmada Azərbaycan şahinləri pərvaz etdi! Azərbaycanın müzəffər Ordusu, qəhrəman, igid əsgərləri sıra ilə, səf-səf düzülüb müzəffər Ali Baş Komandanının qarşısından keçərək Zati-Alilərinizi salamladı! Bu bizim bütün müstəqillik illərində, milli dövlətçilik tariximizdə ilk Qələbə Paradımız idi! Bunu bizə Siz yaşatdınız! Bu il alman faşizmi üzərində qələbənin 75 illiyidir. Bu il tarixə həm də erməni faşizmi üzərində qələbə ili kimi daxil oldu. Azərbaycanın 44 günlük tarixi savaşına, haqlı davasına susan, lal, kar, kor olan dünya gerçək faşizmi işğaldan azad olunan torpaqlarımızda gördü. Daşı daş üstündə qalmayan şəhərlərimiz, kəndlərimiz insanın olduğu, insanlığın öldüyü dünyanın dəhşət üzüdür!
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Biz Sizə inanırıq! Siz tarixi ədaləti bərpa etdiniz! İşğaldan azad olunan hər bir bölgəmizdə Azərbaycan bayrağını qaldıranda qürurla “Bütün dağılan şəhərləri, kəndləri tikəcəyik, quracağıq! Bizim buna gücümüz, qüvvəmiz, imkanlarımız var!” - söylədiniz. Biz buna inanırıq! Biz Sizə güvənirik, cənab Prezident! Siz bizim Müzəffər Ali Baş Komandanımız, mümkün olmayanı mümkünə çevirən əvəzsiz Liderimizsiniz!
Bir daha Vətən müharibəsindəki zəfərimiz, böyük qələbəmiz münasibətilə ürəkdən təbrik edir, Sizin əsgəriniz kimi böyük quruculuq səngərində hər kəlmənizi gerçəyə çevirməyə hazır olduğumuzu bildiririk!
Hörmətlə,
Hüseynov Elxan, professor, rektor,
Sumqayıt Dövlət Universitetinin kollektivi adından.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.