23 dekabr 2020, 17:46

Ənvər Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Torpaqlarımızın azad olunması ilə bağlı Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Sizin Ali Baş Komandanlığınız ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Bununla da ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Hər bir azərbaycanlı kimi mən də sevinc həsrətini yaşayarkən ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqımıza müraciəti gözümün önündə canlandı. Ulu Öndər müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin nail olduğu bütün uğurlar Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqi idi. Nəhayət, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə İlham Əliyev xalqımızın taleyüklü problemini həll etdi.

Sizin - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 30 ilin həsrətinə 44 gün ərzində son qoydu. Qeyd etdiyiniz kimi “...Bizim qələbəmiz tarixi Qələbədir”.

Xalq böyük bayram içərisindədir. Xalq böyük xoşbəxtlik hissləri yaşayır. Xalq Prezidentinə, Ordusuna minnətdardır. Bu gün Azərbaycanda Xalq-Ordu-Prezident vəhdəti özünün ən yüksək zirvəsindədir.

Uzun illər “Azərsənayetikinti” ASC-nin İH-nin sədri vəzifəsində çalışmışam. Kollektivimiz vaxtilə paytaxtla yanaşı, regionlarda da Gəncədə, Goranboyda, Tərtərdə yaşayış evləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin də tikinti layihələrini həyata keçirmişdir. Son illər “Azərsənayetikinti”nin tərkibində olan “Xocalıtikintiquraşdırma” İdarəsi ilə yanaşı, bir neçə müəssisələrimizlə Xocalı massivini tikib yaratmışdıq. Biz 44 günlük tarixi savaşla birliyimizi, bütövlüyümüzü sübut etdik. Vaxtilə Laçın-Qubadlı yolunun 24-cü kilometrində “Qayğı” qəsəbəsinin tikintisini “Azərkəndtikinti” və “Kolxoz tikinti” şirkətləri ilə birgə aparmışdıq. Lakin mənfur erməni işğalçıları torpaqlarımıza təcavüz etdiyinə görə bu tikinti yarımçıq qaldı.

Bu gün də tikinti işləri həyata keçiririk. Ehtiyac yaranarsa, işğaldan azad olunmuş torpaqlarımızda tikinti, abadlıq-quruculuq işləri həyata keçirmək iqtidarındayıq.

Qoy Allah həmişə Ali Baş Komandanımızın rəhbərliyi ətrafında yeni- yeni uğurları bizə nəsib etsin, Azərbaycanı, bütün Türk dünyasını uca pillədə bərqərar etsin.

Yaşasın, var olsun Azərbaycan!

Dərin hörmət və ehtiramla,

Əliyev Ənvər, “Şöhrət” ordenli, Əməkdar inşaatçı,

“Azərsənayetikinti” SC-nin kollektivi adından.

Azərbaycan Respublikası, Bakı şəhəri.