17 dekabr 2020, 12:38

"SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası adından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın möhtəşəm Qələbəsi, torpaqlarımızın işğaldan azad olunması, Vətən müharibəsində Böyük Qələbə qazanılması münasibətilə kollektivimizin bütün üzvləri adından Sizi təbrik edirik.

Azərbaycanın zəfəri, hərbi və diplomatik uğuru hamımızın sevincinə səbəb olub. Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu prosesi, iqtisadi durumun və sosial rifahın yaxşılaşdırılması, ölkənin hərbi qüdrətinin artırılması, xalq həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər qazanılmış şanlı Zəfərdə böyük paya malikdir.

Eyni zamanda, bu Qələbə şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın qanı, Vətən uğrunda döyüşlərdə vuruşan qazilərimizin gücü və əzmi bahasına qazanılıb. Biz böyük qürur və fəxr hissi ilə qeyd etmək istərdik ki, Ümummilli Liderin yadigarı olan SOS Uşaq Kəndləri Assosiasiyasının yetişdirdiyi 11 igid gənc Qarabağ müharibəsində iştirak edib və mübarizlik göstərib.

Valideyn himayəsindən məhrum olmuş bu igidlərə qayğı və vətənpərvərlik hissi aşılayan, eyni zamanda, təşkilatımızın öz doğma yurdundan uzaq düşmüş məcburi köçkün üzvləri "Qarabağ Azərbaycandır!" şüarınız altında əzəli torpaqlarına qədəm basacaqları günü səbirsizliklə gözləyirlər.

Bu təşkilatda vətənpərvərlik ruhunda böyütdüyümüz uşaqlar da əsgər olub Vətənin müdafiəsində iştirak etdilər. Bizim yetirmələrimizdən Afiq Abbasov, İlya Maslikov, Mahal Quliyev Vətən müharibəsində böyük Qələbəmizin qazanılmasında iştirakçı oldular. Onlar müharibədə şücaətli, bacarıqlı və cəsur əsgər olduqlarını göstərdilər. Bu müddət ərzində onların Qələbəyə böyük inamı və motivasiyası bizi çox sevindirirdi. Biz onlara öyrədirdik ki, Vətənə xidmət etmək həm böyük məsuliyyətdir, həm də qürurdur.

Yetirmələrimizin bəziləri keçmişdə hansısa formada zədə yaşasalar da, müharibə zamanı onların hamısı Vətənə xidmət etmək üçün böyük cəsarət və həvəs göstəriblər. Biz onlara həmişə qayğı göstərməyə, dəstək olmağa çalışmışıq və hər zaman onların yanındayıq. Biz fəxr edirik ki, bu ölkə üçün layiqli oğullar yetişdirə, gələcək nəsillərə nümunə ola biləcək oğullar böyüdə bilmişik. Bu günlərdə hamımız birlikdə olmağın, bir-birimizə dəstək və qayğı göstərməyin vacibliyini öyrəndik. Çünki Azərbaycan böyük bir ailədir!

Hörmətli cənab Prezident, bir daha Sizi Zəfər münasibətilə təbrik edir, bu möhtəşəm tarixi bizlərə yaşatdığınız üçün Zati-alinizə dərin təşəkkürümüzü bildirir, uğurlu və məqsədyönlü siyasətinizdə müvəffəqiyyətlər diləyirik!

Hörmətlə,

SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası adından Şəfa ana və Aygün ana.

Azərbaycan Respublikası, Bakı şəhəri.