Rəsul Hüseynovdan, Rostov, Rusiya
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Doğru deyiblər, ağac kökündən qidalanar. Uzun illərdir Rusiya Federasiyasının vətəndaşı olmağımıza baxmayaraq, ürəyimiz daim Azərbaycanla döyünür. Hakimiyyətiniz illərində apardığınız quruculuq işləri, Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi, əhalinin rifah halının yaxşılaşması, beynəlxalq arenadakı siyasi nüfuzunuzun artması bu böyük ölkədə biz azərbaycanlıların qəlbini dağa döndərir. Bütün bunlara görə bu irsi Sizə bəxş etmiş Ulu Öndərə min rəhmət düşür.
Dünya şöhrətli Liderimizə böyük rəhməti Siz COVID-19-la mübarizədə nümayiş etdirdiyiniz humanizm, xalqına qayğı, sevgi, insan amilinə yüksək qiymət verməklə bir daha qazandırdınız. Əbəs deyil Heydər Əliyev dühasının məktəbini görmək! Yolunuza nur saçan, "dəmir yumruğ"unuza güc verən məhz Odur! Siyasi iradənizi qüvvətləndirən məhz Odur! Qəlbimizdə Sizə, Öndərimizə olan rəğbət, hörmət yerə-göyə sığmır. Yaxınlarımın, dostlarımın adından rəğbətimizi, hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Sadalamaqla bitməyən tərəqqipərvər fəaliyyətinizin ən yüksək zirvəsi "dəmir yumruğ"unuzla düşmənin başını əzməyinizdir. Var olsun o yumruğu vuran o qol! Bütün dünyaya əsl əsilzadə, türk oğlu türk nümunəsi göstərdiniz. Dünya tarixində görünməmiş ədəblə, zadəganlıqla müharibə apardınız. Hərb meydanında olduğu kimi, siyasi arenada da düşməni diz çökdürdünüz.
Qələbəniz mübarək və əbədi olsun! Allah Sizi xalqımıza çox görməsin və bədxahlardan qorusun!
Dərin hörmətlə,
Hüseynov Rəsul Ənvər oğlu.
Rusiya Federasiyası, Rostov vilayəti.