Rafiq Hümbətovdan, Tbilisi, Gürcüstan
Hörmətli cənab Prezident,
Əvvəla, Sizi, müzəffər Azərbaycan Ordusunu və xalqımızı şanlı Qələbə münasibətilə təbrik edirik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Sizin müdrik rəhbərliyiniz, əsgər və zabitlərimizin misilsiz şücaətləri sayəsində ədalətin təntənəsi və Qarabağın işğaldan azad olunması bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da hədsiz sevincinə səbəb olub. Əlbəttə, biz Gürcüstan sakinləriyik və yaşadığımız ölkənin sadiq vətəndaşlarıyıq. Bununla belə, biz azərbaycanlıyıq, damarlarımızda azərbaycanlı–türk qanı axır, doğma vətənimiz Gürcüstan kimi, milli vətənimiz Azərbaycanın da dərdi dərdimiz, sevinci sevincimizdir. Təbii ki, müharibənin getdiyi 44 gün ərzində Gürcüstanda yaşayan soydaşlarımız da birləşərək bir can oldular, Azərbaycanımızın haqlı mübarizəsində həmrəyliklərini göstərdilər, çoxminli dəstək mitinqləri keçirdilər, yerli icmamız 60-dək qeyri-hökumət təşkilatı ilə birgə bəyanat imzalayaraq, Gürcüstan rəhbərliyinə, Gürcüstanda yerləşən diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların Tbilisidəki təmsilçiliklərinə təqdim etdi, ayrı-ayrı şəxslər və təşkilatlar Qərbi Avropa dövlətlərinin parlamentlərinə müxtəlif məzmunlu yüzlərlə məktub ünvanladılar. Bərdə, Tərtər və Gəncənin bombalanmasına, dinc sakinlərin həlak olmasına etirazlarını bildirdilər, aksiyalar keçirdilər. Bu 44 gün ərzində həm də televizor ekranları qarşısında sonsuz həyəcanla Sizin müjdəli xəbərinizi gözlədik, işğaldan azad edilən hər məntəqənin adını eşitdikcə ürəkləndik, qürur duyduq, təsirli anlar yaşadıq. Nəhayət, ən möhtəşəm müjdəni - qədim Şuşanın işğaldan azad olunması xəbərini noyabrın 8-də Şəhidlər xiyabanından bəyan etdiniz. İki gün sonra isə Ermənistanın kapitulyasiya etməsi, Azərbaycanımızın düşmən üzərində parlaq Qələbə çalması xəbərini də ilk olaraq Sizdən eşitdik. Otuz ilə yaxın gözlənilən bu Qələbənin şərəfinə Gürcüstanın ayrı-ayrı bölgələrində qurbanlar kəsildi, ziyafətlər, tədbirlər təşkil olundu, şəhidlərimizin əziz xatirəsinə ehsanlar verildi. Bu ildırımsürətli müharibədə əslən Gürcüstandan olan yüzlərlə əsgərimiz də döyüşüb. Son məlumatlara görə, onlardan 16 nəfər şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Hörmətli cənab Prezident, bu parlaq Qələbəyə, qaytarılan milli qürurumuza, özünəinamımıza, 30 ilə yaxın yağı tapdağında inildəyən əzəli və əbədi Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltdığınıza görə Sizə və qəhrəman Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirik.
Məhz Sizin uzaqgörən və müdrik siyasətiniz Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı. Dekabrın 10-da keçirilən Zəfər Paradı isə Sizin "Qarabağ Azərbaycandır və nida" kəlamınıza əbədi bir nida qoydu. Uca Tanrı Sizi, Azərbaycanımızı və bütün azərbaycansevərləri qorusun.
Hörmətlə,
Hümbətov Rafiq, Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru.
Gürcüstan, Tbilisi şəhəri