Samirə Əlibaladan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Məktəbli olarkən mən ulu öndərimiz Heydər Əliyevin çıxışlarını çox maraqla izləyirdim və torpaqlarımızın azad edilməsinin onun üçün ən ümdə məsələ olduğunu görürdüm.
Siz ailənizlə birlikdə Kəbə evində dua edərkən mən əmin idim ki, heç vaxt torpaqlarımızın düşmən tapdağında qalmasına imkan verməyəcəksiniz. Allaha şükürlər olsun ki, Siz bu qələbə sevincini bizə yaşatdınız. Allah Sizi, ailənizi və əsgərlərimizi qorusun. Sizi tək Azərbaycan xalqı yox, bütün türk, İslam dünyası və dünyadakı sülhsevər insanlar çox sevirlər.
Mən Bakı şəhər sakiniyəm. Nənə və babalarım şuşalı və qafanlı olublar. Özüm də uşaqlıqdan mənfur düşmənlərimizin törətdikləri vəhşiliklərin şahidi olmuşam. Ulu babam, şuşalı Məşədi Musa Həsənov ticarətçi olub. Anam Şuşadan köçən ailəsinin əziyyətli günlərini daim xatırlayır, bu barədə bizlərə söhbətlər edirdi.
Həyat yoldaşım da Ağdamdan məcburi köçkündür. Onun ailəsi də Sizin sayənizdə bu qürurlu günləri gördüyü üçün sevinclidir. Həm mənim, həm də onun ailəsindən Vətən həsrəti ilə bu dünyadan köçənlərin ruhu da şaddır.
Mən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Daha çox landşaft dizayneri kimi çalışıram, bir neçə park layihəsinin müəllifiyəm. Həyat yoldaşım da modelyer-dizaynerdir. Həyat yoldaşımla birlikdə işğaldan azad edilmiş dədə-baba torpaqlarımızın abadlaşdırılmasında, yaşıllaşdırılmasında, muzeylərin bərpasında çalışmaq, yeni parkların, yaşıllıqların layihələri üzərində işləmək bizim arzumuzdur.
Bir vətəndaş, rəssam və sənətşünas olaraq Xocalıda, Gəncədə və Bərdədə "Soyqırımı" muzeylərinin yaradılmasının faşist ermənilərin törətdiyi cinayətlərin gələcək nəsillərin yaddaşından silinməməsinə xidmət edəcəyini düşünürəm. Bundan başqa, Şuşada dəmir yumruqlu əsgərin "Ədalət" abidəsi Şuşa döyüşlərinin rəmzi olmaqla yanaşı, Azərbaycan xalqının birliyinin və gücünün də rəmzinə çevrilər.
Sülh yolu ilə bizə qaytarılan Ağdam, Kəlbəcər və ya Laçında açıq muzeylərlə yanaşı, "Sülh bağı"nın salınması və bu bağın rəssamlarımızın sülhə aid abidələrlə bəzədilməsi ilə dağılmış ərazilərdə gözəl məkanlar yaradıla bilər. Burada keçirilən tədbirlərə gələn hər bir qonaq həm qanlı illərin tarixini, həm də sülhün yaratdığı gözəlliyi görərlər.
Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Bu gün Azərbaycanda olan vətəndaş, dövlət, xalq, ordu birliyi ölkəmizi daha da gücləndirəcək. Bu birlik həyatını Azərbaycan xalqına həsr edən Ulu Öndərimizin və Sizin çoxillik zəhmətiniz sayəsindədir.
Allah sevdiyi bəndələrini hər kəsə sevdirər. Allah torpaqlarımızın bərpasında Sizə, ailənizə və xalqımıza kömək olsun.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əlibala Samirə Tahir qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.