11 dekabr 2020, 12:28

Zemfira Məhərrəmlidən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandanımız!

Xalqımız möhtəşəm Zəfər gününün sevincini yaşamaqdadır. Azərbaycan əsgəri Sizin rəhbərliyinizlə qalibiyyətli döyüş əməliyyatları apararaq, işğal altında olan yurd yerlərimizi azad etməklə hər birimizdə böyük coşğu yaratmış, hərb tariximizə parlaq səhifələr yazmışdır. Bizə bu sonsuz sevinc duyğusunu yaşadan, ən əsası isə yumruq kimi birləşmək, həmrəylik nümunəsi göstərən Sizə - Ali Baş Komandanımıza, Azərbaycan əsgər və zabitlərinə minnətdarlıq duyğumuz sonsuzdur. Çünki milli ordumuz və müdrik sərkərdəmiz, sözün əsl mənasında, tarix yazıb. Sizin təbirinizcə desək, "bizim işimiz haqq işi, yolumuz haqq yoludur!" Azərbaycan əsgəri öz mübarizə əzmi ilə zəfər çalıb, 2783 əsgər və zabitimiz əzəli torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlib.

Erməni vandalizminin şahidi olan, indi azadlığa qovuşan yurd yerlərimiz Sizin və Mehriban xanım Əliyevanın qədəmlərinə, vətən müdafiəçilərinin gəlişinə sevinir, canlanır. Bütün cəmiyyət, bir qələm sahibi olaraq bizlər də azad edilmiş şəhər və kəndlərimizdəki quruculuq ab-havasına köklənərək hər zaman Sizin yanınızdayıq.

Bakıda “Vətən müharibəsi” memorial kompleksi və “Zəfər” muzeyinin yaradılması ilə bağlı bu günlərdə imzaladığınız sərəncamı dəstəkləyir, bunu haqq işimizin tanıdılmasında mühüm addım hesab edirik. Qarşıdakı möhtəşəm gözləntimiz - Zəfər Paradı isə ölkəmizin dinamik inkişafını, hərbi gücünü, qüdrətini dünyaya bir daha nümayiş etdirəcəkdir!

Bütün bunlar Sizin - müzəffər Ali Baş Komandanımızın, xalqımızın sevimlisi, arxa-dayağı və güvən yeri olan möhtərəm Prezidentimizin ölçüyəgəlməz başarıları sayəsində mümkün olmuşdur.

Sizə yurdun ziyalısı, yazıçı-publisisti, Qarabağ savaşı mövzusunda çoxsaylı kitabların (Azərbaycan, ingilis. rus və türk dillərində) müəllifi olaraq, həm də bir ana kimi bir daha təşəkkür edirəm!

Var olasınız!

Hörmətlə,

Məhərrəmli Zemfira,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.