02 dekabr 2020, 13:55

Ülvi Əliyevdən, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bu məktubu Sizə ikinci qrup Qarabağ əlili olaraq böyük sevinc və fəxarət hissi ilə yazıram. Sizin rəhbərliyiniz altında şanlı Azərbaycan Ordusu düşmən üzərində parlaq Qələbə qazandı. Mən həm də ona görə fəxr edirəm və xoşbəxtəm ki, hazırda Şuşanı mühafizə edən əsgərlərdən biri də mənim oğlumdur.

Cənab İlham Əliyev, Siz öz əməllərinizlə bir daha sübut etdiniz ki, Vətənini sevən, millətini sevən, xalqını sevən bir Prezidentsiniz. Ulu Öndərimizin yadigarı olan, ondan dərs alan, siyasətin necə aparılmalı olduğunu bilən bir Prezidentimizlə birlikdə Qələbəyə doğru getdik. Xalqa, onun birliyinə arxalanaraq bu addımı atdınız və mənfur düşməni məhv edərək və qalib gəldik.

Müzəffər Ali Baş Komandan, Sizin xalqımıza nə qədər can yandırmağınız, millətimizin rifah halının yaxşılaşması üçün nə qədər çalışmağınız göz önündədir. Məhz Sizin rəhbərliyiniz altında ölkəmiz bu qədər inkişaf etdi, müasirləşdi, hərbi cəhətdən qüdrətləndi. Bütün bunları və bugünkü böyük Qələbəni nəzərə alaraq, istərdim ki, Siz xalqımızın əbədi Prezidenti seçiləsiniz. Sanıram ki, bu çox ədalətli seçim olardı.

İkinci bir istəyim isə Xocalı şəhərində açıq səma altında muzey yaradılsın, orada həlak olanların heykəlləri qoyulsun və ingilis, rus, türk dillərində yazılmış tablolar vurulsun.

Müraciətimin sonunda Sizə, ailənizə bir daha dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Eşq olsun Ali Baş Komandana!

Eşq olsun Azərbaycan xalqına!

Eşq olsun Azərbaycan əsgərinə!

Hörmətlə,

Ülvi Əliyev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.