Cabir Məmmədovdan, Ağdam, Azərbaycan
Hörmətli Prezident.
Ölkəmizin ən ağır, ən müşkül problemləri Sizin liderliyinizlə bir-bir həll olunur və bütün bunlar bir Azərbaycan vətəndaşı olaraq, hər birimizi sevindirir. İllərlə hər birimizin ürək yarasına çevrilmiş Qarabağ, şükürlər olsun ki, artıq böyük ölçüdə azadlığına qovuşub və tamamilə azad olacaq. Bütün bunlar Sizin komandanlığınız altında Ordumuzun və xalqımızın, Sizin ifadə ilə desək, "bir yumruq kimi birliyi"nin nəticəsidir. Biz ölkəmizə kənar siyasi və digər təzyiqlərin olduğunu da bilirik. İnşallah, tezliklə o çətinliklərin öhdəsindən gələcəyinizə inanırıq. Azərbaycanımız daha güclü, daha firavan, daha möhtəşəm bir ölkəyə çevriləcək.
Hörmətli cənab Prezident, Vətənimizin hər qarışı hər birimiz üçün əzizdir, doğmadır! Hər birimiz bu Vətənin əsgərləriyik! "Ölürsək şəhid, qalırsaq qazi" amalı ilə yaşayırıq. Amma hər birimizin doğulduğu bölgə ona bir az daha yaxındır, daha doğmadır. Mən də Ağdamda doğulmuşam. İllərlə "məcburi köçkün" adından sıxılmışam. Şükürlər olsun ki, artıq bu ad üzərimizdən götürüldü! Sizin ən qısa zamanda Ağdama səfəriniz bizi daha da sevindirdi. Allah yar və yardımçınız olsun! Amin!
Cənab Prezident, izninizlə belə bir təklifim var ki, Şuşa şəhəri 2021-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilsin. İl ərzində böyük mədəni tədbirlər keçirilsin. Məncə, bu, Qarabağın, bir mədəniyyət mərkəzi olaraq, bütövlükdə dünyada təbliği üçün bir addım olar. Təşəkkür edirəm.
Hörmətlə,
Cabir Məmmədov
Müəllim
Azərbaycan Respublikası, Ağdam rayonu.