Səriyyə Ağamalıyevadan, Şabran, Azərbaycan
Hörmətli cənab Prezident,
Mənim 62 yaşım var. Müharibə başlayan gündən Allahdan xalqımıza gözəl günlər arzu etmişəm. Mən hər gün ağlaya-ağlaya Allahdan kömək istəmişəm ki, bizim Prezidentimizə, Ordumuza, xalqımıza güc-qüvvət versin.
Cənab Prezident, Siz müharibə başlanan gündən həmişə deyirdiniz ki, “biz haqq-ədalət yolundayıq”. Allahın sevimli bəndəsi olduğunuza görə Uca Rəbbim Sizə kömək oldu. Şükürlər olsun ki, Sizin qəlbinizin təmizliyinə görə Allah Sizi sevindirdi, naümid qoymadı.
Siz qətiyyətli mövqeyiniz və möhkəm iradənizlə bütün dünya qarşısında gücünüzü göstərdiniz, heç kimin qarşısında əyilmədiniz. Sizə mən qurban olum! Mən bütün xalqıma deyirəm və çatdırıram ki, müharibənin qızğın vaxtında ölkəmizdə bütün işləyən insanların maaşlarının, təqaüdlərin vaxtlı-vaxtında çatdırılması, sakit həyat şəraitimizin təmin olunması bizim Prezidentimizin necə xalqının qeydinə qalan biri olduğunu, hər bir azərbaycanlının yanında olduğunu göstərir. Bizim rəhbərimiz dahi bir insandır. Bütün xalqımız və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirir, çox sağ olun deyirəm. Allah Sizi həmişə qorusun! O torpaqları geri almaq bir tərəfə qalsın, Siz bizim qızların, qadınların namusunu, qeyrətini qorumaqla uca bir zirvədəsiniz. Başda Siz olmaqla, eşq olsun Azərbaycanın igid oğullarına və türk qardaşlarımıza!
Mən Allahdan istədiyim bütün arzularıma çatdım. İnşallah, Siz də öz istək və arzularınıza çatasınız. Bu Qələbə münasibətilə mən Sizi təbrik edir, bağrıma basıb öpürəm. Allah Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!
Siz bu çətin zamanda xalqımızı aclıqla, yoxsulluqla imtahana çəkilməyə qoymadınız. Halal olsun Sizin kimi oğullara. Mən bilmirəm nə qədər ömrüm qalıb, amma çox istərdim ki, ömrümün axırına qədər heç olmasa Sizi bircə dəfə görüb bağrıma basım, minnətdarlığımı bildirim, ürək sözlərimi Sizə çatdırım.
Cənab Prezident, Sizi dünyaya gətirən ana-ataya eşq olsun! Onların ruhları qarşısında baş əyirəm. Bütün şəhid analarının qarşısında baş əyirəm ki, dünyaya belə namuslu, qeyrətli oğullar gətiriblər. Mən bütün şəhid ailələrinə demişəm və deyirəm də, ön cəbhədə döyüşlərdə əsgərlərimizlə bərabər cənab Prezidentimiz də yorulmadan vuruşur. Siyasəti ilə, namusu ilə, qeyrəti ilə, təmiz qəlbi ilə.
Hörmətli Prezidentim, ürəyim doludur, yazılmalı sözüm çoxdur. Siz xalqımızın başının tacısınız. Səsiniz həmişə uca zirvələrdən gəlsin. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Qarabağa! Bizimsən Qarabağ!
Sizinlə canlı olaraq görüşmək ümidi ilə.
Hörmətlə,
Ağamalıyeva Səriyyə
Azərbaycan Respublikası, Şabran rayonu, Rəhimli kəndi.