Əkbər Quliyevdən, Yevlax, Azərbaycan
Möhtərəm Prezident, qalib Ordunun Müzəffər Ali Baş Komandanı!
Sizi həm siyasət, həm də döyüş meydanında Qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Hər gün televiziyadan Sizin qalibiyyət ruhlu çıxışlarınıza sevə-sevə baxırdım. Sizi öpürəm, öpürəm, öpürəm! O düşmənə qarşı qəzəb dolu, nifrət dolu, xalqımıza isə birlik simvolu olan yumruğunuza eşq olsun deyirəm.
Azərbaycan xalqına son 200 ildə yaşamadığı sevinci Siz yaşatdınız, əziz Prezidentim. Kaş Sizin yanınızda olaydım, bilirsiniz necə bağrıma basardım, bir oğul kimi, bir qalib sərkərdə kimi, bir Ali Baş Komandan kimi və bir də bir milyondan çox köçkünün, 10 milyonluq Azərbaycan xalqının şərəfini özünə qaytaran əbədi bir Prezident kimi.
Ulu Öndərimizin yarımçıq qalmış arzusunu Siz yerinə yetirdiniz, mənim hünərli Prezidentim! Çünki Siz mənim yaxın dostum, xalqın xilaskarı, bütün türk dünyasının əbədi lideri Heydər Əliyevin siyasi məktəbində yetişmisiniz. O həmişə deyirdi ki, mən İlhama özüm qədər inanıram. Bir də deyirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Bəli, bu gün biz onu görürük və yaşayırıq. Siyasi lider İlhamla irəliləyən xalqımız inamlı Qələbəyə nail oldu. Bütün dünya bu reallıq qarşısında diz çökdü.
Allah Sizi qorusun! Bu birlik, bu Qələbə, bu şərəf, bu qəhrəmanlıq məhz Sizin uzaqgörən siyasətiniz, döyüşkən, dünyanı mat qoyan cəsarətli mövqeyiniz və möhkəm iradəniz sayəsində mümkün oldu.
Mənim 86 yaşım var. Ürəyim doğma yurdumu istəyir.
1995-ci ildə 22 noyabrda ilk Milli Konstitusiyamızın qəbul olunması münasibətilə Ulu Öndərin qəbulunda olanda o bizə dedi: “Əkbər kişi, bir qarış da olsun erməniyə torpaq verməyəcəyik. Bizə vaxt lazımdır”. Bu gün mənim ürəyim fərəhlə döyünür. Ulu Öndərin verdiyi sözü qəhrəman oğlu İlham yerinə yetirdi. Çox sağ olun, Ali Baş Komandan! Bu günü bizə yaşatdığınız üçün.
Mən bu məktubu Tərtər, Bərdə, Yevlax əhalisinin ürəklərə sığmayan sevincini ifadə edərək Sizə yazıram. Var olun!
Siz yaralı əsgərlərimizlə görüşünüzdə dediniz ki, “mənim tərəfimdən çoxlu fəxri adlar veriləcək, yeni orden, medallar təsis ediləcək”. Mən də milyonların fikrini ifadə edərək təklif edirəm ki, Sizə ən yüksək titul verilsin. Sovetlər dönəmində bu titul Generalissimus olub. Ona üç nəfər layiq görülüb. Onlardan biri faşist Almaniyasını diz çökdürən İosif Vissarionoviç Stalin olub. Bu rütbənin Sizə verilməsini çox istəyirik. Siz faşizmdən də qorxulu olan erməni vandallarını Vətənimizdən qovdunuz. 30 illik işğal tarixinə son qoydunuz.
Sizi dünyaya bəxş edən ataya, anaya eşq olsun! Qələbələr Sizin, şan-şöhrət Sizin, Azərbaycan xalqı Sizin, Siz də bizim hamımızın!
Ulu Tanrı Sizi qorusun! Həmişə müjdəli xəbərlər, qələbələr xalqımızın olsun! Amin!
Dərin hörmət və məhəbbətlə,
Quliyev Əkbər Qoşunəli oğlu.
Azərbaycan Respublikası, Yevlax şəhəri.