Vəliyəddin İsmayılovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Həyatda xoş xəbərli günlər yaşamaq, ümidverici sözlər eşitmək insanın ömrünə ömür calayır. Bu xoşbəxt anlar Sizin sayənizdə bütün Azərbaycan xalqına nəsib oldu. Dünyanın Sizin dilinizdən eşitdiyi “Ermənistan rəhbərliyinin gücü varsa, gəlsin təkbətək görüşək. Əgər hünəri varsa, tanısın görüm dırnaqarası Dağlıq Qarabağ Respublikasını, necə tanıya bilir?!” ifadəsi qılıncdan kəsərli oldu.
Bu cəsarətli sözlərinizi, təpərli addım səslərinizi eşidən xalq Sizdən bir daha güc aldı və qürur duydu ki, Sizin kimi cəsur, qaməti əyilməz, dizi qatlanmaz mübariz rəhbəri vardır. Bütün dünya gördü ki, Siz otuz il müharibəyə hazırlaşan mənfur düşməni bir yumruğunuzu sıxmaqla darmadağın etdiniz.
Cənab Prezident! “Qartal yuvasından qartar uçar”- deyib atalar. Siz Ulu Öndərin layiqli davamçısı, Qafqazın qartalı kimi Murovdağ zirvəsində, Şuşa qalasında Azərbaycan bayrağının ucaldılmasına nail oldunuz.
Sizin “Qarabağ Azərbaycandır!” deyiminizin sonunda qoyduğunuz nida işarəsi düşmənin ürəyinə batan ox, ucundakı nöqtə isə dünyanın işğalçı qüvvələrinə: "Daha bəsdir, yetər!" sözünün son işarəsidir. Siz həm də dünya hərb tarixinə yeni adda bir silah təqdim etdiniz - “İtiqovan”. Bu ad dünyanın bütün riyakar qüvvələrinə aiddir. Hamı işğalçı düşməni bu adla lənətləyib qovacaq.
Möhtərəm Ali Baş Komandan! İcazə verin, Sizə Sərkərdə deyə müraciət edim. Bu tarixi ad Sizə çox yaraşır. Çünki Siz Şah İsmayıl Xətainin qılıncı ilə bütövləşib sonradan parçalanan Azərbaycanın yarasını cəsarət məlhəmi ilə sağaltdınız, işğal qaysağını qopartdınız, onun sərhəddinə polad zəncirli qıfıl vurub, qızıl açarını da ömürlük Azərbaycan xalqına bəxş etdiniz.
Bütün bunlara görə insan tam varlığı ilə Sizə xalqın əzizi, yenilməz İlham Heydəroğlu deyə müraciət etmək istəyir. Bu ad Sizə ana südü kimi halaldır!
Mən əhd etmişəm ki, üç rəngli bayrağımız Kəlbəcərə taxılan gün Sizin şərəfli adınızı içimdən gələn gur bir hayqırtıyla Ulu Göyçəyə, Zəngəzura, Bütöv Azərbaycana, Böyük Türk Dünyasına çatdırım. Çünki Siz haqdan gələn çırağın şöləsi kimi Vətənimizə, bu günümüzə, sabahımıza işıq saçdınız!
Allah Sizi qorusun! Siz var olduqca qələbə hər zaman Azərbaycanladır!
Dərin hörmət və ehtiramla,
Vəliyəddin İsmayılov, Kəlbəcər rayonu Ağsaqqallar Şurasının üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.