19 noyabr 2020, 16:06

Məmməd Əliyevdən, Rusiya Federasiyası

Çox hörmətli cənab Prezident!

İcazə verin, Sizi Qarabağ uğrunda Böyük Vətən müharibəsində Qələbə münasibətilə təbrik edim, bütün dünya azərbaycanlılarına və bizi dəstəkləyən xalqlara mənəvi zövq, iftixar hissləri yaşatdığınıza görə minnətdarlığımı bildirim.

Bu məktubu Sizə “isti izlərlə” deyil, tarixi hadisənin əhəmiyyətini dərindən dərk edərək yazıram. Qeyd etmək istərdim ki, çoxəsrlik obyektiv və subyektiv tarixi kataklizmlərlə bağlı Azərbaycan xalqında bir məğlubluq kompleksi yaranmışdı. Bu Zəfər sadəcə, düşmən üzərində qələbə və tarixi ədalətin bərpası deyil, bu Zəfər bütövlükdə Azərbaycan cəmiyyətinin və çoxmillətli Azərbaycan xalqının mənəvi və psixoloji reabilitasiyasıdır.

Azərbaycan Ordusu milli şovinizm virusuna yoluxmuş, bütün ideologiyası uydurma elmi-tarixi rəvayətlərə və nağıllara əsaslanan güclü, hiyləgər, məkrli bir düşmənə qalib gəldi. Bizim yenilməz Ordumuzun döyüş əməliyyatları hərbi dərsliklərə salınacaq, çünki bu əməliyyatlarda ən yüksək səciyyəli texnoloji təchizat sərkərdə müdrikliyi birləşmişdi. Şuşanın azad edilməsi zamanı Azərbaycan əsgər və zabitlərinin göstərdiyi fədakarlıq nümunələri isə qəhrəmanlıq filmlərində, kitablarda, mahnı və dastanlarda əbədiləşdiriləcək. Onlara eşq olsun!

Mən burada Sizin şəxsi rolunuzu da xüsusi qeyd etmək istəyirəm, cənab Prezident. Siz öz xalqınızı bu Böyük Qələbəyə doğru təkcə bir Ali Baş Komandan kimi aparmadınız, Siz həm də ətraflı və arqumentli çıxışlarınızla bizim opponentlərimizlə söz savaşlarında qalib oldunuz, düşmənin çürük mahiyyətini aşkara çıxarmaqla və tarixi həqiqəti dünya ictimaiyyətinə çatdırmaqla, bütün qlobal media məkanının formatını yenilədiniz!

Mən fəxr edirəm ki, Sizinlə şəxsən tanışlıq şərəfinə nail olmuşam və icazənizlə, Sizin güclü əlinizi sıxıram.

Döyüşlərdə həlak olmuş bütün əsgər və zabitlərimizin xatirəsi qarşısında diz çökür və baş əyirəm!

Eşq olsun Azərbaycana!

Hörmətlə,

Əliyev Məmməd,

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki,

Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomunun laureatı,

Rusiya Federasiyası Dövlət Mükafatı laureatı,

Rusiya Federasiyası Hökumət Mükafatı laureatı,

Rusiya Federasiyasının Əməkdar elm xadimi.