Aydın Kazımzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Artıq bir neçə gündür ki, Azərbaycan xalqı Böyük Qələbənin sevincini yaşayır. Sizin müdrik rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük müharibə nəticəsində misli görünməmiş qəhrəmanlıq göstərərək, 30 ilə yaxın müddətdə işğal altında olan tarixi ərazilərimizi mənfur düşməndən azad etdi. Sizin dəmir iradəniz və qətiyyətiniz sayəsində 30 illik intizara və həsrətə son qoyuldu. Buna görə hər birimiz Sizə hədsiz təşəkkür edirik! Eyni zamanda 44 gün müddətində “Qarabağ Azərbaycandır!” devizi altında Sizin xalqa etdiyiniz çoxsaylı açıq və səmimi müraciətlər, bir sıra xarici ölkələrin televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyiniz çoxsaylı müsahibələr əhalidə və Ordumuzda böyük ruh yüksəkliyinin yaranmasında, Sizə olan hədsiz güvən və sarsılmaz inamın formalaşmasında, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında əvəzsiz rol oynamışdır. Bu inam, indiyə qədər bu səviyyədə görünməmiş xalq-iqtidar birliyi qələbəyə aparan yolda Sizin əsas güc mənbəyiniz oldu.
Möhtərəm cənab Prezident, hərbi və siyasi sahədə əldə edilən bu möhtəşəm qələbə ilə yanaşı, təəssüf ki, digər cəbhədə - görünməyən düşmənlə mübarizə hələ də davam edir. Dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə sahəsində Sizin uzaqgörənliklə vaxtında verdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən qabaqlayıcı tədbirlər, zəruri infrastrukturun və tibbi bazanın yaradılması, genişləndirilməsi və gücləndirilməsi ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malik olmuşdur. Müdrik siyasətiniz nəticəsində ilk günlərdən başlayaraq Azərbaycan pandemiyaya qarşı mübarizədə beynəlxalq aləmdə də fəal rol oynayır. Sizin təşəbbüsünüzlə Türk Şurasının dövlət başçıları səviyyəsində və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşlərinin keçirilməsi, birgə əməkdaşlıq və həmrəylik barədə bəyanatların qəbul edilməsi bu mübarizədə beynəlxalq əməkdaşlığın yaradılmasına təkan vermişdir.
Ümidvarıq ki, hərbi cəbhədə əldə edilən qələbədən ilham alan qədirbilən xalqımız bundan sonra da Sizin “Biz birlikdə güclüyük!” devizi altında etdiyiniz müraciətlərə daha ciddi və anlaşıqlı yanaşaraq, bu sahədə də əhəmiyyətli uğurların əldə edilməsinə və ölkəmizdə qısa müddətdə epidemioloji vəziyyətin stabilləşməsinə nail olacaqdır.
Biz birlikdə güclüyük!
Allah Sizi və ölkəmizi qorusun!
Dərin hörmət və ehtiramla,
Kazımzadə Aydın,
Bakı Dövlət Universitetinin professoru,
AMEA-nın müxbir üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri.