18 noyabr 2020, 09:58

Akif Həsənovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Məlumdur ki, mənfur qonşularımız əsrlərdən bəri türk dünyasına qarşı məqsədyönlü şəkildə çirkin siyasət aparırlar. Türklərin əzəli torpaqlarında, onların hakimiyyəti altında yaşayan ermənilər, göstərilən qayğıdan və yaradılan şəraitdən qane olmayaraq və kənardan özlərinə havadar taparaq keçən əsrdə bizim doğma torpaqlarımızda özlərinə dövlət yaratmağa nail olublar. Bununla kifayətlənməyərək yeni torpaqlar iddiasına düşmüş, azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salaraq istər 1948-ci ildə, istərsə də 1988-ci ildə yüz minlərlə soydaşımızı evlərindən qovmuşlar. Tarixi ərazimiz olan Qarabağa qarşı iddia qaldıraraq və orada fitnə-fəsad törədərək azərbaycanlılara qarşı soyqırım həyata keçirməklə 20 faizə yaxın torpaqlarımızı işğal etmişlər. SSRİ-ni və Azərbaycanın o vaxtkı rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində dövlətimizin ərazi bütövlüyü pozulmuş və bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün düşmüşdür. Təəssüf ki, dünya birliyi uzun müddət bu faktlara göz yummuş, işğalçı ermənilər və zərərçəkən azərbaycanlılar arasında fərq qoymayaraq müvafiq tədbir görməmişdir. Otuz ilə yaxın düşmən tərəfindən işğal olunmuş ərzilərimizdən ətraf rayonlarımız müntəzəm atəşə məruz qalmış, dinc sakinlərimiz ziyan çəkmiş, hərbçilərimiz həlak olmuşdur.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin davamçısı olaraq ölkəmizin inkişafı naminə yorulmaq bilmədən ömrünüzü sərf edirdiniz. Sizin müdrik və uzaqgörən siyasətinizlə Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildi. Qısa müddətdə ordumuz gücləndirildi və müasir texnika və silah-sursatla təmin olundu. Beynəlxalq aləmin diqqətini Qarabağ probleminə çəkərək özümüzə xeyli tərəfdar toplaya bildiniz. Yaranmış əlverişli məqamdan istifadə edərək əks-hücuma başlayan müzəffər Ordumuz qısa müddətdə düşmən üzərində Qələbə çaldı və torpaqlarımızı azad etdi. Bu Qələbə Sizin və Azərbaycan Ordusunun birgə qızıl hərflərlə yazdığınız tariximizin parlaq bir səhifəsi olacaqdır. Buna görə xalqımız adından Sizə minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Hörmətlə,

Həsənov Akif Musa oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu, Baş Göynük kəndi.