Mustafa Ocaqverdiyevdən, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən fəxr edirəm ki, mənim və mənim xalqımın Sizin kimi Ali Baş Komandanı var. Siz noyabrın 8-də namus qalamız olan Şuşamızın erməni quldurlarından azad olunmasını elan edərkən, mən və mənim ailə üzvlərim, xüsusilə el ağbirçəyi olan anam sevinc göz yaşları içərisində boğulduq. Mən bu anları yaşayarkən, xəyalən tam 32 il bundan öncə öz doğma yurd-yuvamızdan, Qərbi Azərbaycandan deportasiya olunduğumuz yada düşdü, yəni 18 yaşım olan dövrlərimə qayıtdım. Həmin vaxt mən Sovet qoşunlarının tərkibinidə əsgəri xidmətdə idim. Mənim bütün ailə üzvlərim, qohumlarım dərbədər olmuşlar. Uzun müddətdən sonra mən anamı, bacımı Gəncə şəhərində tapıb əlaqə qura bildim. Bu sevincli günləri yaşayanda xatirələrimdə məhz 18 yaşda olduğum vaxtlarımı yaşadım.
Müzəffər Ali Baş Komandan, mən fəxr edirəm ki, Sizin Ali Baş Komandalığınızla müzəffər Ordumuz tərəfindən üç yüz ildir ki, bütöv Azərbaycan xalqına düşmənləri tərəfindən yaşadılan şiddətlərin layiqincə dərsi verildi, mübarək qanı axıdılmış şəhidlərimizin qisası alınmaqla ölkəmizin şanlı tarixi yazılır. Bu tarixin şah əsəri isə namus qalamız olan Şuşamızın işğaldan azad edilməsi oldu. Mən xalqımla da fəxr edirəm ki, birləşib Sizin arxanızda dayanmaqla əsrlərdir başımızı aşağı edən bu qara ləkəni üstümüzdən silib ata bildik.
Müzəffər Ali Baş Komandan, bir daha Sizi təbrik edir və sona qədər bu zəfəri başa çatdırmağınızı Uca Yaradandan arzu edirik. Sizin əllərinizdən və alnınızdan öpürük. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Mustafa Ocaqverdiyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.