16 noyabr 2020, 13:12

Səbinə Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edir, hədsiz sevinc və böyük iftixar hissi ilə Şəxsinizə dərin minnətdarlığımızı bildiririk.

Bu gün tarixi gündür - Azərbaycan xalqının və dövlətinin şanlı Qələbə, böyük Zəfər günüdür. Rəşadətli Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə bu Qələbəni döyüş meydanında qazandı, 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr məhz döyüş meydanında azad edildi. Eyni zamanda, bu tarixi nailiyyətlər və inamlı qələbələr düşməni Ağdam, Laçın, Kəlbəcər rayonlarını bizə siyasi yollarla təhvil verməyə məcbur etdi. Siz qeyd etdiyiniz kimi, bu, bizim şanlı Qələbəmizdir!

Cənab Müzəffər Ali Baş Komandanımız.

Siz ümummilli lider Heydər Əliyevin vəsiyyətini və xalqımıza verdiyiniz vədləri yerinə yetirərək Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsinə nail olmaqla tarix yazdınız. Sizin qətiyyətli iradəniz sayəsində qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı böyük Qələbə sevincini yaşaya bildi. Artıq üçrəngli bayrağımız respublikamızın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə, qürurla dalğalanır. Bu, heç şübhəsiz, çoxəsrlik dövlətçilik tariximizin ən şanlı, qürurlu və şərəfli səhifələrindən biri oldu.

Siz, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdiniz.

Sizi bu Qələbə münasibətilə bir daha təbrik edir, xalqımıza yaşatdığınız bu tarixi qələbə sevincinə görə Zati-alinizə sonsuz təşəkkürümüzü bildiririk.

Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın qalib Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Səbinə Əliyeva, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman)

Azərbaycan Respublikası, Bakı şəhəri.