16 noyabr 2020, 12:03

Telman Əzimovdan, Sabirabad, Azərbaycan

Hər bir azərbaycanlının əzizi, qarantı olan hörmətli cənab Prezident.

Rəşadətli Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq müasir və dünya dövlətləri arasında öz dəsti xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı.

Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrə yardımların verilməsi, yeni-yeni iş yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi eləcədə fəaliyyətiniz müddətində Azərbaycan Respublikasının İslamı dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, şərq və qərb mədəniyyətinin birgə fəaliyyətinin təşkili, multukultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərinin yaradılması, saymaqla bitib tükənməyən iri miqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət - 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflə yazdıra bildiniz. Siz tarixi dövlətçilik ənənələri olan Azərbaycana son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdınız. İşğal altında olan torpaq-larımızı əsl sahibinə Azərbaycan xalqına qaytara bildiniz. Bu təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həmdə Azərbaycanın, Azərbaycan ordusunun tarixi qələbəsidir. Siz haqqın necə güclü olduğunu və Özünüzün necə bir sərkərdə olduğunuzu bir daha təsdiq etdiniz

Azərbaycan Ordusunun döyüşlərdə silahla döyüşərək düşmən üzərində qələbə qazanmağın səbəbkarı məhz siyasi arenada yorulmaq bilmədən hər kəsin öz dilində döyüşərək onlara öz yerlərini göstərməyə nail olmaqla xalqın qəlbində özünüzə layiqli yerinizi tapmaqla sözü ilə əməli bir olan, hər bir azərbaycanlının Prezidenti olan, özünü xalqın xidmətçisi elan edən, hər zaman xalqın yanında olan mərd-mübariz Azərbaycan oğlu olmağınızdır.

Siz bizə ən xoş günləri, ən xoş arzumuzu Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla bizim məğlubedilməz xalq olduğumuzu bir daha təsdiq etdiniz, Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə və adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan Bayrağının ucaldılması sevincini bizlərə yaşatdınız. Bu qələbənin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi azərbaycanla döyünən hər kəsə, azərbaycansevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız.

Bizə bu haqq işimizdə mənəvi dəstək olan dövlətlərə, xüsusilədə qardaş Türkiyə Respublikasına, bütün dünya türklərinə bir daha minnətdarlıq edirik.

Müzəffər Ali Baş Komandan, qəlbimizdə Sizin haqqınızda bitib tükənməyən xoş arzular o qədərdir ki, hamısı qeyd etmək olmur. Sadəcə olaraq dünyada nə qədər ən gözəl, ən xoş arzular varsa hamısını Sizə və əzizlərinizə arzu edirəm. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Azərbaycanın yeni tarixini yazan cəsur sərkərdə, məharətli diplomat və siyasətçi olamaqla xalqımızı yumruq kimi birləşdirməyi bacardınız.

Siz Azərbaycan xalqının Qəhrəmanısınız. Siz Azərbaycanın ömürlük Prezidenti olmağa layiqsiniz. Bir daha Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əzimov Telman Gözəl oğlu

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin sədri

Azərbaycan Respublikası, Sabirabad rayonu.