16 noyabr 2020, 11:53

Oruc Göyçəlidən, Gəncə, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Azərbaycan xalqı Sizin və müzəffər Ordumuzun arxasında bir yumruq kimi birləşib. Son damla qanımız qalana qədər torpaqlarımızın işğaldan azad olunması üçün vuruşmağa hazırıq. Sizin dünya mətbuatına verdiyiniz müsahibələr, xalqa etdiyiniz müraciətlər bizi və şəhidlərimizin ruhunu çox sevindirir. On milyonluq xalqımız Sizi sevir bir əmrinizə bənddir. Torpağımızın bir qarışını da heç kimə verməyəcəyik və lazım gələrsə hamılıqla silaha sarılacağıq. Azərbaycan bütün mübahisələrin qalibi olduğu kimi bu Vətən müharibəsinin də qalibidir. Çox sevinirik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Kəlbəcərin, Laçının, Ağdamın azad edilməsini səbirsizliklə gözləyirik. İnşallah torpaqlarımız tam azad olan günü gəlib Şuşada, Laçında, Xankəndidə qurbanlar kəsəcəyik və əsgər balalarımızla birlikdə şənlik edəcəyik. Allah özü qismət eləsin!

Xalqın dayağıdır İlham Əliyev

Zamanın zinəti, sülhün dayağı,

Millətimin parlaq yanan çırağı,

Dünyaya yayılan səsi, sorağı,

Xalqın mayakıdır İlham Əliyev!

Vətənimə nur çiləyir amalı,

Günə, Aya bərabərdi camalı.

Bir oğuldu Heydər baba dühalı,

Hikmət sorağıdı İlham Əliyev!

Sabitlik, sakitlik bərqərar burda,

Dünya qiymət verir bu gözəl yurda.

Dövlətimin qazandığı uğur da,

Xalqın dayağıdır İlham Əliyev!

Hər bir vətəndaşa Prezident olan,

Vətənin, dövlətin qeydinə qalan,

Yolunu ölkədən-ölkəyə salan,

Haqqın yarağıdı İlham Əliyev!

Böyük məclislərdə etdiyi çıxış,

Hər yerdə qazanır sürəkli alqış.

Heydər zirvəsində möhkəm dayanmış,

Dövlət dayağıdır İlham Əliyev!

Yaralı Qarabağım

Otuz ildir Qarabağım xəstədi,

Yarasını sağaltmağa gəlmişəm.

Dağlarının məlhəm çiçəkləri var,

Ruhunu mən oyatmağa gəlmişəm.

Bədənində sağalmayan yara var,

Ciyərində bomba yeri, xora var.

Baş-gözündə əl dəyməmiş hara var!?

Ürəyini ovutmağa gəlmişəm.

Qəmli Oruc yurd dərdini çəkəndi,

Vətən üçün şax qəddini bükəndi.

Torpağım yadlara qaratikəndi,

Yağılara toy tutmağa gəlmişəm,

Xoş günlərə əl qatmağa gəlmişəm.

Hörmətlə,

Oruc Göyçəli

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan Respublikası, Gəncə şəhəri.