Eldar Əzizovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Bu unudulmaz günlərdə bizim hamımız Sizin rəhbərliyinizlə qazanılmış tarixi Qələbənin silinməz təsiri altındayıq. Son yüzilliklərdə xalqımız ilk dəfədir ki, öz torpaqlarını geri qaytarır, bütün regionlarımızın sakinləri isə görünməmiş birlik nümayiş etdirirlər. Bütün bunlar Sizin düşünülmüş, müdrik siyasətinizin nəticəsidir.
Tarix baxımından qısa bir vaxt ərzində Siz ölkəmizin simasını dəyişmiş, səmərəli iqtisadiyyat qurmuş və onun da əsasında müasir Silahlı Qüvvələrimizi yaratmısınız. Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirmiş, onu daha əhəmiyyətli səviyyəyə yüksəltmisiniz. Bunun da nəticəsində cəmi 44 günlük döyüş əməliyyatlarının gedişində Siz düşmənimiz üzərində tariximizdə görünməmiş qəti qələbə çaldınız. Bu 44 gün ərzində Siz yalnız böyük dövlət xadimi və diplomat deyil, həm də istedadlı sərkərdəlik keyfiyyətlərinizi nümayiş etdirdiniz. Bütün dünyada milyonlarla soydaşımız hər gün Sizin kəskin və parlaq çıxışlarınızı, səsləndirdiyiniz cəbhə xəbərlərini səbirsizliklə gözləyirdi. Bunlar xalqımızı daha sıx birləşdirdi və onun birliyini, yekdilliyini keyfiyyətcə yeni səviyyəyə yüksəltdi. Bu gün ölkəmizin və xalqımızın tarixində yeni dövr başlayır. Azərbaycan xalqı öz ölkəsi və lideri ilə fəxr edir.
Möhtərəm cənab Prezident,
Tarixi qələbə münasibətilə Sizi təbrik edirəm. Bu Şanlı Qələbə bilavasitə Sizin adınız və hünərinizlə bağlıdır. Qarabağ və Azərbaycan üçün çox sağ olun!
Dərin hörmət və minnətdarlıqla,
Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.
Azərbaycan Respublikası, Bakı şəhəri.