Sadıq Zərbəliyevdən, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən xalq artisti Sadıq Zərbəliyev, cənnətlik ümummilli liderimiz Heydər Əliyevlə Naxçıvanda olarkən səmimi görüşümüzdə bir söz demişdim: “Allah mənim ömrümdən kəssin Sizə versin”. İndi eyni sözü Sizə deyirəm. BMT-nin Təhlükəsizlik Şurası və dünyanın digər nüfuzlu təşkilatları çərçivəsində kifayət qədər diplomatik səylər göstərsəniz də müsbət nəticələr əldə edə bilmirdik. Siz Liderimizin vəsiyyətini layiqincə yerinə yetirdiniz. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı bizə qaytardınız. İnanın ürəyimdə olan hədsiz sevinci söz olaraq ifadə etməyə çətinlik çəkirəm. Bu müharibə xalqımız üçün Vətən müharibəsi oldu. Sizin əzmkarlığınız, dərin siyasətiniz və igid oğullarımızın sayəsində biz qələbə çaldıq. Döyüş meydanında tarixi ədaləti bərpa etdik. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hər xalqa müraciətləriniz yaddaşımıza həkk olundu. Özlərini prokuror, müstəntiq kimi aparan xarici jurnalistləri sübutlarla, dəlillərlə yerlərində oturtdunuz. Liderim, Prezidentim Sizinlə qürur duyuram. Biz Zərbəliyevlər ailəsi daima Sizinləyik. Həyat yoldaşım, övladlarım, nəvələrim – hamımız Sizə olan sevgimizi, dəstəyimizi bildirmək, hər zaman Sizinlə olduğumuzu bildirmək istəyirik. Sizin rəhbərliyinizlə Şanlı Ordumuz öz dədə-baba torpaqlarımızdan didərgin salınmış azərbaycanlıları Qarabağa geri qaytarmaq üçün vuruşdu və mənfur düşmən üzərində zəfər çaldı. Biz bununla sübut etdik ki, Azərbaycanla hədə-qorxu ilə danışmaq olmaz. Qarabağ bizimdir, bizim də qalacaq!
Dərin hörmət və ehtiramla,
Zərbəliyev Sadıq Sirac oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.