15 noyabr 2020, 12:56

Nüsrət Məmmədovdan, Bişkek, Qırğızıstan

Cənab Prezident!

Hakimiyyətdə olduğunuz illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın yeni tarixi qızıl hərflərlə yazılır. Qızıl hərflərlə yazılan bu tarixi biz yerlərdə fəxrlə təbliğ edirik. Cari il sentyabrın 27-də Ermənistanın atəşkəsi pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın əsarətində olan bir sıra şəhər və kəndləri qısa müddətdə işğaldan azad etdi. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, dünya azərbaycanlılarının da illərdir arzu etdiyi xəyallarının gerçəkləşməsi deməkdir. Əks-hücum əməliyyatları başladığı gündən, Diaspor təşkilatları da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi və dəstəkləyəcək. Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şad oldu! Bu mübarizədə hər zaman olduğu kimi, Dünya Azərbaycan diasporları ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik. Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik. Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik!

Dərin hörmətlə,

Məmmədov Nüsrət Musa oğlu,

“Dünya azərbaycanlıları və digər türkdilli xalqlar ittifaqı” ictimai Birliyinin Prezidenti .

Qırğızıstan Respublikası, Bişkek şəhəri.