İlqar Rəhimovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Qarabağ müharibəsindəki tarixi Qələbə hər birimizi sevincə bürüyüb. Vətən müharibəsi döyüşlərində Sizin rəhbərliyinizlə Ordumuzun zəfər çalması, üçrəngli Azərbaycan Bayrağının tarixi torpaqlarımızda ucaldılması bizi çox sevindirir. Yaşadığımız qürur hissini sözlərlə ifadə etmək mümkünsüzdür.
Azərbaycan paralimpiyaçıları noyabrın 10-da torpaqlarımızın işğaldan azad olunması xəbərini çox böyük coşqu və ruh yüksəkliyi ilə qarşıladı. Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, illər boyu müdrikcəsinə formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, Azərbaycan xalqının birliyinin məhsuludur. Dünyanın hər yerində soydaşlarımız bu tarixi hadisəni bayram edir, bir-birini təbrik edir və hər kəs özünü görünməmiş dərəcədə xoşbəxt və güclü hiss edir. Sizin göstərdiyiniz yüksək əzm sayəsində Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birini qazanmış oldu. Siz bu Qələbə ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqın qəlbinin fatehi oldunuz. Tarix Sizin xidmətlərinizi heç zaman unutmayacaq.
Torpağlarımızın azad edilməsi ilə müzəffər Ali Baş Komandan kimi Siz Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin məharətini və gücünü bütün dünyaya nümayiş etdirdiniz. Bu gün biz xalq olaraq, azərbaycanlı olaraq hamımız qürurluyuq, başımızı dik tuturuq, özümüzü güvənli və güclü hiss edirik. Belə bir şərəfli tarix yazdığınıza, bizə milli qürur və yenilməzlik və fəxarət hissləri yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətli cənab Prezident, Paralimpiya ailəsi adından Sizi bir daha Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, Sizinlə qürur duyduğumuzu bildirir və Sizə uğurlar diləyirik.
Hörmətlə,
İlqar Rəhimov,
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.