Rövnəq Abdullayevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Xalqımızın üç dövlət başçısı arasında tarixi bəyanatın imzalanmasını bayram etdiyi bu möhtəşəm gündə neft-qaz sənayesinin çoxminli əməkçiləri adından Zati-alinizə müraciət edir, bütün neftçilər ordusunun ürək sözlərini Sizə çatdırırıq. İcazə verin, ilk öncə bu böyük Qələbənin şəksiz və şəriksiz müəllifi kimi Sizi səmimi qəlbdən təbrik edək, bizə bu misilsiz sevinc və iftixar duyğularını bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildirək.
Noyabrın 10-u Azərbaycanın qəhrəmanlıq salnaməsinə qədim və çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi əbədilik həkk olundu. Mənfur düşmən bütün məkrli siyasi vurnuxmalarına baxmayaraq Ordumuzun şücaəti qarşısında təslim olmağa məcbur edildi. İmzalanan sənəd bütün dünyada onun kapitulyasiya aktı kimi qəbul olundu, faşizmi özünün dövlət siyasətinə çevirən erməni daşnaklarına oxunmuş hərbi-siyasi və mənəvi-psixoloji ölüm hökmü kimi səsləndi. Bu həm də onlara havadarlıq edən, onları gizli və açıq yollarla silahlandıran, otuz il ərzində sülh danışıqları adı ilə vaxtı uzadaraq, Azərbaycan torpaqlarının işğalı faktını unutdurmağa və rəsmiləşdirməyə çalışan beynəlxalq güclərə xalqımızın, onun müdrik liderinin qısa və qətiyyətli cavabı oldu.
Bu gün Azərbaycan xalqı xoşbəxtdir. Düşmən tapdağından azad olunmuş ata-baba torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bütün bu illərdə Qarabağın azadlığı uğrunda, Vətənimizin ərazi bütövlüyü, bölünməzliyi, dövlətimizin suverenliyi uğrunda qanlı döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin qisası alınmışdır. Gəncədə, Tərtərdə, Bərdədə, ölkəmizin digər yerlərində namərd düşmənin qəfil raket hücumları nəticəsində dünyadan köçmüş dinc sakinlərimizin, qadınların, qocaların, uşaqların qanı yerdə qalmadı. Öz Vətənində qaçqın və köçkün taleyi yaşamağa məcbur olub, torpaq həsrəti ilə dünyasını dəyişmiş neçə-neçə həmvətənlərimizin ruhları bu gün artıq rahatlıq tapmışdır. Artıq yağı düşmənlə döyüş meydanlarında ölüm-dirim savaşında ağır xəsarətlər alan, əlil və şikəst olan qazilərimizin yaraları sızıldamır. Bütün bunlara görə biz Sizə, Sizin müdrik, inamlı rəhbərliyiniz altında düşmənə sarsıdıcı zərbələr endirən qüdrətli Ordumuza, onun şanlı əsgər və zabitlərinə minnətdarıq.
Zati-aliləri, Otuz il əvvəl Vətənimizin dilbər guşələri olan Qarabağ torpaqlarının işğal olunması ilə Allah bizi sınağa çəkdi. Bu nisgil, bu ağrı hər bir azərbaycanlının qəlbini ağrıtdı, ən gözəl günlərimizdə də bizi ürək dolusu sevinməyə qoymadı. Amma Allah böyükdür. Bu dərd Azərbaycan xalqının qəddini əymədi, iradəsini sındırmadı. Biz doğma torpaqlarımıza qayıdacağımız günə inamımızı heç vaxt itirmədik. Çalışdıq, ölkəmizi iqtisadi cəhətdən qüdrətləndirdik, dövlətimizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdik. Güc topladıq, səbir etdik, bu günü gözlədik. Müqəddəs kitablarda deyildiyi kimi, Allah səbirli qullarını sevimli bəndələrinin əli ilə bütün müşküllərdən qurtarır. Millətimizin xilaskar oğlu, ulu öndərimiz Heydər Əliyev Azərbaycanın yüksəliş konsepsiyasında Qarabağın qaytarılmasının yollarını müəyyənləşdirdi. Sonra Allah Azərbaycanın yaralarına məlhəm qoymaq üçün Sizi göndərdi. Siz müdrik bir siyasətçi, mahir diplomat kimi bizi bu Qələbəyə addım-addım yaxınlaşdırdınız. Bütün təzyiqlərə mətanətlə sinə gərərək, bizi məğlubiyyət acısı ilə barışmağa qoymadınız. Nəticə ortadadır: Siz bu xalqa qurtuluş verdiniz, onu qalib xalqa çevirdiniz. Otuz illik həsrətimizə son qoydunuz. Ən böyük arzumuzu gerçəkləşdirdiniz, Azərbaycan xalqına Vətənin bütövlüyünü, millətin birliyini yaşamaq şərəfi bəxş etdiniz. Mənfur düşməni diz çökdürdünüz, ondan bizi məruz qoyduğu bütün məhrumiyyətlərin əvəzini çıxdınız. Siz Azərbaycan tarixinə adınızı əbədi olaraq qızıl hərflərlə həkk etdiniz. Dünya durduqca Azərbaycan xalqı bu Qələbənin memarını daim xatırlayacaq. Qoy qadir Allah Sizə yar olsun, Sizi bəd nəzərlərdən, bəd niyyətlərdən qorusun!
Bütün xalqımız kimi Azərbaycan neftçiləri də Sizinlə fəxr edir, Sizə güvənir. Sentyabrın 27-dən bu yana neftçilər gecəli-gündüzlü yorulmaq bilmədən əzmlə işləyərək, fədakar əməkləri ilə qarşımızda qoyduğunuz vəzifələri vaxtında yerinə yetirməyə, Qələbəyə töhfələrini verməyə çalışmışlar. Bütün xalqımız kimi biz neftçilər də Sizə sonsuz minnətdarlıq bildirir, Sizinlə qürur duyuruq. İnanırıq ki, artıq heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirə bilməz, çünki bizim möhkəm, etibarlı əsaslar üzərində qurulmuş qüdrətli dövlətimiz, güclü ordumuz, milli maraq və mənafelərimizi həm hərbi müstəvidə, həm də danışıqlar masasında qətiyyətlə müdafiə edən, gerçəkliyə çevirən yenilməz sərkərdəmiz - Ali Baş Komandanımız var. Xalqın öz qüdrət mənbəyi olan Dövləti, Ordusu və Prezidenti ilə sarsılmaz birliyinin bizi qələbədən qələbəyə, daha işıqlı və parlaq gələcəyə aparacağına tam əminik.
Yaşasın Azərbaycanın Müzəffər Ali Baş Komandanı!
Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Dərin hörmət və ehtiramla,
Rövnəq Abdullayev,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.