Pərviz Şahbazovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi uzun müddət çəkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə artıq son qoymuş möhtəşəm qələbəmiz münasibətilə Azərbaycan Respublikası Energetika Nazirliyinin kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Münaqişənin qısa vaxtda Azərbaycanın ərazi bütövlüyünün, haqq-ədalət prinsiplərinin bərpası ilə həlli, torpaqlarımızın işğaldan azad edilməsi, əldə olunmuş yüksək siyasi nəticələrlə Qarabağın son iki əsrlik tarixinin yenidən yazılması Müzəffər Ordumuzun Ali Baş Komandanı, güclü strateq və qətiyyətli Lider kimi Sizin parlaq nailiyyətinizdir. Bu qələbə ilə Siz tarix yazdınız, yeni tarixi reallıqlara imza atdınız, xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs vəsiyyətini yerinə yetirdiniz.
Azərbaycanın bu parlaq qələbəsi son onilliklərdə Sizin rəhbərliyinizlə qazandığımız sosial-iqtisadi nailiyyətlərin, aparılan ordu quruculuğunun, əldə edilən diplomatik uğurların məntiqi nəticəsidir. Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini müəyyən edən başlıca amillər əzmkarlığınız, siyasi iradəniz sayəsində artıq tam təmin olunub. Bugünkü uğurlarımızın rəhni siyasi və iqtisadi müstəqilliyimizdir. Bu müstəqilliyin təmin olunmasında isə transmilli enerji layihələrimiz böyük rol oynayır. Ərazi bütövlüyümüzün bərpası, eləcə də Naxçıvanın blokadasının aradan qaldırılması regional təhlükəsizliyə zəmin yaratmaqla Azərbaycanın enerji ölkəsi kimi mövqeyini daha da möhkəmləndirəcək, ümumən regionda sülhə, davamlı inkişafa, rifaha xidmət edəcəkdir.
Bu şanlı Qələbə münasibətilə Sizə ən xoş diləklərimizi yetirir, uzun ömür, möhkəm cansağlığı, qüdrətli Azərbaycan dövlətinin inkişafı naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Pərviz Şahbazov,
Azərbaycan Respublikasının Energetika naziri.
Azərbaycan Respublikası, Bakı şəhəri.