14 noyabr 2020, 14:35

Vidadi Babanlıdan, Bakı, Azərbaycan

Çox möhtərəm, əzizdən əziz İlham Heydər oğlu.

Cənab Prezident, müzəffər Ali Baş Komandan.

Sizi, 30 ildir ki, işğal altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizənin Azərbaycan xalqının böyük zəfəri ilə tamamlanması münasibəti ilə təbrik edirəm.

Azərbaycan Silahli Qüvvələrinin 44 gün ərzində Sizin qətiyyətli iradənizə söykənən rəşadətli döyüş yolunun xalqımızın qələbəsi ilə yekunlaşması hər bir Azərbaycan vətəndaşının böyük xəyalı, ən ümdə arzusu idi. Bu qələbə Sizin 17 il ərzində apardığınız iqtisadi və sosial siyasətin, beynəlxalq aləmdə qazandığınız diplomatik uğurların məntiqi nəticəsi oldu. Bir azərbaycanlı kimi, mən də Sizi bu zəfər münasibəti ilə alqışlayıram.

Məhz Sizin qətiyyətiniz sayəsində Azərbaycan özünün torpaqları üzərində dövlət suverenliyini tam şəkildə bərpa etdi və bütün dünyaya xalqımızın bir qarış torpağını belə yağı düşmənə güzəştə getməyəcəyini nümayiş etdirdi. Azərbaycan Ordusunun müzəffər yürüşü bütün dünyaya həmçinin Azərbaycanda Dövlət-Xalq-Prezident birliyini, milli həmrəyliyimizi göstərdi. Var olsun belə rəhbər, var olsun belə xalq!

Rəşadətli Ordumuzun qeyrətli zabitlərinə və igid əsgərlərinə təşəkkürümü çatdırıram. Vətən uğrunda vicdanla döyüşmüş, şirin canından keçmiş şəhidlərimizə Uca Tanrıdan qəni-qəni rəhmət diləyirəm. Onların ailələrinə dərin hüzünlə baş sağlığı verirəm.

Eşq olsun Azərbaycanımıza!

Hörmətlə,

Vidadi Babanlı

Qocaman yazıçı

Azərbaycan Respublikası, Bakı şəhəri.