Mahmud Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi müasir Azərbaycanın ən müzəffər tarixi olan böyük Qələbə münasibəti ilə təbrik edir, dərin minnətdarlığımı bildirmək istəyirəm.
Xalqa qələbə müjdəsi verəndə Siz bəyan etdiniz: “Biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!” Əslində xalqı böyüdən onun liderləridir. Azərbaycan məhz Sizin başçılığınız altında böyüdü - həm mənəvi, həm coğrafi ərazi baxımından. Siz son iki əsrdə torpaqları işğaldan azad edən, qaçqın və məcburi köçkünləri ata-baba yurduna qaytaran ilk ölkə başçısı kimi adınızı tarixə yazdınız. 44 gün davam edən Vətən müharibəsində Siz bütün vətəndaşları bir yumruq kimi birləşdirib, mənfur düşməni “iti qovan kimi” doğma torpaqlarımızdan qovdunuz.
Siz dahi sərkərdə, xalqın qəhrəman oğlu, inamı, məhəbbəti, güvən yeri, doğrulmuş ümidləri, qüruru, şərəfli bu günü və parlaq gələcəyisiniz. Siz milli qeyrət, canlı mərdlik rəmzisiniz. Hər sözünüz dillər əzbəri oldu, çağırışlarınız xalqı ruhlandırdı, qanadlandırdı. Məhz Sizə olan hüdudsuz inam idi igidlərimizi ölüm-dirim döyüşünə aparan, onlara güc verən. Siz bizi Qarabağa, doğma evimizə qaytardınız, şəhidlərimizin qisasını aldınız, Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirib Azərbaycanın ən yeni tarixini yazdınız. Siz məğlubiyyət acısını xalqın qəlbindən silib, ona qalib statusunu bəxş etdiniz. Siz təqvimin qara tarixlərini bayram günləri ilə əvəz etdiniz. “Qarabağ Azərbaycandır!” deyib bunu bütün dünyaya sübut etdiniz, bir xalq kimi Azərbaycanı əlçatmaz zirvələrə ucaltdınız.
Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon azərbaycanlıya xoşbəxtlik bəxş etmək nə deməkdir?! Sevincdən ağlamaq, uşaq kimi qışqırmaq, üçrəngli bayrağa bürünərək tanımadığın insanları ən yaxın doğman kimi qucaqlayıb göz aydınlığı vermək... belə qələbə sevinci, belə səadət hər millətə nəsib olmur.
Nə şanslı xalqıq ki, Sizin kimi liderimiz, Prezidentimiz, Ali Baş Komandanımız var. Siz həqiqətən hər bir azərbaycanlının Prezidentisiniz! Uca Tanrı Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Mahmud Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri.