Əli Həsənovdan
Möhtərəm cənab Prezident!
Bu gün hər bir Azərbaycan vətəndaşı kimi, həyatımın 30 ilini müstəqil dövlətimizin qurulması və inkişafına sərf etmiş keçmiş məmur olaraq mənim də sevincimin həddi-hüdudu yoxdur. 27 sentyabr 2020-ci ildə Sizin qətiyyətli iradənizlə başlanmış İkinci Qarabağ müharibəsinin fəal hərbi mərhələsi noyabr ayının 10-da Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. 44 günlük müharibə nəticəsində işğalçı Ermənistan dövləti və ona rəhbərlik edən Paşinyan rejimi məğlub olaraq, kapitulyasiyaya məcbur edilmiş, bununla bağlı Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının birgə bəyanatı imzalanmışdır.
İkinci Qarabağ müharibəsi son əlli ildə dünyada yaşanan müharibələr içərisində "qısa müddət ərzində çox böyük effektli sonluqla yekunlaşan müasir müharibə nümunəsi" kimi samballı hərbi-siyasi tarix kitablarına daxil ediləcəkdir. Bu müharibə nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların - BMT, ATƏT və s. kimi nüfuzlu təşkilatların "sülhyaratma dəhlizləri"ndə düyünə salınmış, "həlli çox çətin olan münaqişələr" siyahısına daxil edilmiş Dağlıq Qarabağ problemini öz gücü ilə, xarici aləmdən heç bir dəstək almadan həll etdi. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında inləyən tarixi torpaqlarımız və yaşayış məskənlərimiz geri qaytarıldı. Yüz minlərlə ev-eşiyindən didərgin salınmış vətəndaşımızın öz doğma yurd-yuvasına qayıtmasına şərait yaradıldı.
İkinci Qarabağ müharibəsi Sizin qətiyyətli rəhbərliyiniz altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti və rəhbəri ətrafında birləşmək bacarığını nümayiş etdirdi. Bu gün tam məsuliyyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin erməni işğalçılarına qarsı Qarabağda həyata keçirdiyi Vətən Müharibəsi gələcəkdə dünyanın əksər hərbi-siyasi salnamələrinə və tarix kitablarına daxil edilərək, xalqımıza qürur yaşadacaqdır! Bu şanlı qələbə münasibətilə Müzəffər Ali Baş Komandan kimi Sizi və bütün xalqımızı, qəlbi Azərbaycanla döyünən xaricdəki çoxmilyonlu soydaşlarımızı, şanlı Ordumuzun əsgər və zabitlərini və möhtəşəm qələbənin təmin olunmasında əməyi keçən hər bir vətəndaşımızı ürəkdən təbrik edirəm!
Ayrıca bu şanlı qələbənin təmin olunmasında Azərbaycana göstərdiyi mənəvi dəstəyə görə qardaş Türkiyə dövləti və türk xalqına, Türkiyənin hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğana, Ordumuzun qələbəsinə sevinən əksər ictimai-siyasi təşkilatlara da öz təşəkkürümü ifadə edirəm.
Dünəndən başlayaraq xalqımız küçə və meydanlara çıxaraq, böyük qələbəni ellikcə bayram edir, bu münasibətlə xüsusi qürur və sevinc hisslərini bir-biri ilə paylaşırlar. Əlbəttə, xalqımız üçün onun sevinəcəyi və həqiqi qürur hissi keçirəcəyi çox mühüm bir hadisə baş verib - Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni bir əzəmətli səhifə yazılıb, Qarabağ torpaqları çoxillik erməni işğalından azad olunub və neçə müddətdir ki, düyünə düşmüş münaqişə sona çatıb! Xalqımızın illərdir ki, davam edən torpaq-yurd nisgilinə, insanların bu fonda yaranan əzab-əziyyətinə, qaçqın və köçkün vətəndaşlarımızın Vətən həsrətinə son qoyulub, 30 ildir ki, Qarabağ torpaqlarında pozulmuş tarixi ədalət bərpa olunub. Azərbaycanda bundan böyük və bundan daha sevincli hadisə nə ola bilər ki?!
Bir faktı da xüsusi qeyd etməliyəm ki, Azərbaycan xalqının, Vətən müharibəsində xüsusi qəhrəmanlıq və rəşadət nümunələri sərgiləmiş əsgər və zabitlərimizin İkinci Qarabağ müharibəsində ortaya qoyduğu qəhrəmanlıq nümunəsi, igidlik və şücaəti möhtəşəm idi və bunun sevincini yaşamamaq, qürur hissini keçirməmək mümkün deyil. Bu hadisə xalqımız üçün dastanlara çevriləcək milli rəşadət nümunəsidir və zaman-zaman Azərbaycan tarixinə mütləq şəkildə əbədi həkk olunacaq, hər bir azərbaycanlının milli yaddaşında silinməz izlər buraxacaqdır.
Torpaqlarımızın belə qısa zamanda, necə deyərlər "bir göz qırpımı"nda azad edilməsi həm də cəsarətli, qətiyyətli və iradəli Ali Bas Komandanımızın rəhbərliyi altında, Azərbaycan xalqının sarsılmaz milli-vətəndaş birliyinin, qəhrəman və yenilməz Ordumuzun, rəşadətli əsgərlərimizin qətiyyətli döyüş iradəsi və qələbə əzminin nəticəsi idi. Azərbaycan xalqının bugünkü möhtəşəm qələbə sevincini paylaşaraq, mən də ilk növbədə bu qələbəni öz həyatları bahasına bizə bəxş etmiş, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün öz canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların doğmalarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm. Qoy şəhidlərimizin ruhu şad, məzarları nurlu olsun. İnşallah!
İkinci Qarabağ müharibəsi bir faktı da təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev başda olmaqla 1993-cü ildən başlayaraq Azərbaycan dövlətinin və onun Prezidentlərinin bütün qələbələrinin təməlində məhz ümumxalq dəstəyi və iradəsi, iqtidar-xalq birliyi dayanmışdır. On il Ümummilli Liderlə və 17 il Sizinlə çiyin-çiyinə çalışdığım illərdəki müşahidələrimə söykənərək qeyd etmək istəyirəm ki, həm rəhmətlik atanız, həm də Siz Prezident olaraq keçən dövrdə ən çətin məqamlarda, ciddi milli iradə nümayiş etdirmək lazım gələndə həmişə doğma xalqımıza güvənmiş və xalqın milli iradəsini ortaya qoymuşsunuz. Dövlət başçısı və Ali Bas Komandan kimi Sizin İkinci Qarabağ müharibəsindəki yenilməz qələbənizin təməlində də, əvvəlki dövrlərdəki bütün uğurlarda olduğu kimi, yenə öz xalqına güvənmək və onun milli iradəsinə söykənməniz dayanmışdır. Prezident olaraq Sizin daim milli birlik və vətəndaş həmrəyliyi yaratmağınız və bu birliyə söykənməyiniz, xalqın ciddi etimadına və inamına güvənməyiniz keçən müddətdə həm nümayiş etdirdiyiniz müstəqil siyasətinizin, həm də bu yoldakı əksər uğurlarınızın qarantı kimi çıxış edibdir.
Eşq olsun müzəffər Ordumuz və iradəli Ali Baş Komandanımıza! Qoy təməli Ümummilli Lider tərəfindən qoyulmuş milli-vətəndaş birliyi və həmrəyliyi, günü-gündən möhkəmlənən iqtidar-xalq ittifaqı bundan sonra da bütün qələbələrimizin təməlində dayansın! Yaşasın Azərbaycan xalqının vahid milli iradə daşıyıcısı və qürur mənbəyi Prezident İlham Əliyev! Qoy Uca Tanrı Prezidentimizi, Xalqımızı və şanlı Ordumuzu qorusun! Azərbaycan xalqının istək və arzuları, ellikcə duaları Sizinlə və qəhrəman əsqərlərimizlədir! Qarabağ Azərbaycandır və həmişə də Azərbaycanın olacaq!
Zati-alinizə dərin hörmət və ehtiramla,
Əli Həsənov, professor.