Şəhla Əhmədovadan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi Qələbəmiz münasibətilə, eləcə Dövlət Bayrağı Günü ilə bağlı ürəkdən təbrik edirəm.
Mən birinci Qarabağ döyüşlərində şəhid olan Sadıqov Rasim Mayıl oğlunun yoldaşıyam. Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Çünki yoldaşımın qanı yerdə qalmadı.
Cənab Prezident, bu günlərdə Siz qəhrəmanlıq dastanı, şanlı tarix yazdınız. Mən Sizin yumruq tutan qolunuza və “biz artıq qələbə çaldıq!” deyən dilinizə qurban olum. Mən Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Prezidentimiz var.
Mən təklif edərdim ki, Yeni Azərbaycan Partiyasının adını dəyişib, “Yeni Doğulan Azərbaycan” və ya “Qarabağ Azərbaycandır!” qoyasınız və gündən-günə çiçəklənən Azərbaycanı daha da gözəlləşdirəsiniz.
Arzu edirəm ki, cənab Prezident, Siz ömürlük Prezident olasınız. Mən inanıram ki, bütün Azərbaycan xalqı bunu istəyir. Sizin yolunuzda hər bir addıma hazırıq. İnanıram ki, alınan torpaqlara Sizin adınızı verəcəklər, Sizin heykəlinizi qoyacaqlar. Siz buna layiqsiniz. Bunlar hamısı olacaq. Xalq Sizi çox sevir. Əgər körpələr televizora baxıb, Sizin düşmənə barmaq silkələməniyinizi təkrar edirsə, 3-4 yaşındakı uşaqlar “erməniləri iti qovan kimi qovacayıq” deyirsə, bu Sizə olan sevgidir. Hələ orta məktəbdə oxuyanlarımız üçün sinəsində “Gənc İlhamçılar” yazılan geyimlər də tikiləcək. 2020-ci ildə Siz adınızı tarixin şanlı səhifəsinə qızıl hərflərlə həkk etdirdiniz. Azərbaycan xalqı Sizə arxalanır. Allah Sizi qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Şəhla Əhmədova
Şəhid ailəsi
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.