13 noyabr 2020, 16:27

Rizvan Cəbiyevdən, Abşeron, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bütün Azərbaycanlıların göz nuru olan Şuşanı düşmən tapdağından qoparıb aldığınız üçün çox sağ olun!

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunacaq başqa torpaqlarımız üçün də Sizi min-min yaşayasınız. Nə yaxşı ki, Ulu Tanrım bu millətə Heydər Əliyev kimi dahi bir insanı bəxş eyləyib. Nə yaxşı ki, Ulu Öndərimiz bu xalqa İlham Əliyev boyda milli sərvət qoyub gedib. İftixarla “Mən ona özüm qədər inanıram” deyərək, Sizin gələcəyiniz barədə xalqa zəmanət verdi Ulu Öndər. Siz bu zəmanəti doğrultdunuz. Siyasətə Heydər Əliyevin oğlu kimi atılsanız da, qısa bir müddətdən sonra böyük bir millətin oğluna çevrildiniz. Çünki Siz bu insanların könüllərini fəth etdiniz, xalqımıza qələbə sevincini dadızdırdınız, işğal olunmuş torpaqlarımızı əsarətdən qurtardınız. Bu gün Azərbaycan xalqı Sizə Fateh kimi baxır. İnanıram ki, gələcək nəsillər də Sizi Sizə çox yaraşan bu adla çağıracaq: İlham Fateh.

Siz ulu öndər Heydər Əliyevə xas olan bir fərasətlə məkrli düşmənə qalib gəlməyin ən doğru yolunu tapdınız - iqtisadi cəhətdən güclü, hərbi cəhətdən qüdrətli bir dövlət yaratmaq! Beləliklə Siz dünyanın Azərbaycana münasibətini kökündən dəyişdiniz, xalq Sizin simanızda öz Xilaskarını tapdı.

Cənab Ali Baş Komandan, iftixar hissi ilə deyə bilərəm ki, hətta dünyanın ən güclü dövlətləri belə Sizin müharibə aparmaq bacarığınıza heyran qalıb, onlar Sizdən öyrənmək istəyiblər. Sizin döyüş taktikanızı XXI yüzilliyin ən yeni müharibəsi adlandırırlar.

Əziz Prezident, biz Sizi çox sevirik, biz Sizə inanırıq, Ulu Tanrıya təşəkkür edirik ki, bu ağır, bu çətin günlərdə başımızın üstündə Siz varsınız.

Möhtərəm Prezident, qəhrəmanlar çətin günlərdə tanınırlar. Biz də Sizi böyük Vətən müharibəsində yenidən tanıdıq və kəşf etdik. Ağlınız, cəsarətiniz, natiqlik məharətiniz dünyanı heyran qoydu. Siz çoxsaylı müsahibələrinizdə şeytana qulluq edən qərəzkar jurnalistlərin düşüncəsiz suallarına, bu sualı verəni nokauta salan, rüsvay eyləyən elə tutarlı cavablar verdiniz ki, Sizi sevənlərin gözündə ən uca mərtəbəyə qalxdınız.

Siz xalqın uzun illər mürgüləyən Azadlıq həsrətini öz cəsarətinizlə elə alovlandırdınız ki, bu istəyin qarşısında indi heç bir düşmən tab gətirə bilməz.

Xalq Sizin siyasi uzaqgörənliyinizi, Vətənə, torpağa, millətə sevginizi, şər qüvvələrə qarşı sal qayalar kimi möhkəm dayandığınızı görüb Sizi özünün milli qəhrəmanı və əbədi Prezidenti görmək istəyir. Bu xalq öz qəhrəmanlarını mükafatlandırmağı bacaran xalqdır. Vətən müharibəsində göstərdiyiniz şücaətə görə Siz ən böyük hərbi rütbəyə - generalissimus adına layiqsiniz. Vallah da layiqsiniz, billah da layiqsiniz. Müharibə tam zəfərimizlə başa çatandan sonra biz Sizin möhtəşəm heykəlinizi Bakının ən hündür yerində, Dağüstü Parkda, ya da Azadlıq meydanında görmək istəyirik.

Əziz Prezidentim, bu məktubu Sizin dillər əzbəri olan sözlərinizlə bitirmək istəyirəm.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Cəbiyev Rizvan İsrafil oğlu,

Əməkdar jurnalist, 2 dəfə “Qızıl Qələm” mükafatı laureatı,

“Naxçıvan” qəzetinin sabiq baş redaktoru,

Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.