13 noyabr 2020, 12:16

Cüməqulu Sabirovdan, Ağsu, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Yüz ildən artıq müddətdə dövlətimizin və xalqımızın başına mənfur ermənilər tərəfindən dəfələrlə gətirilən faciələrə nəhayət ki, son qoyulacaq. Keçən əsrin sonunda ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, yeni dövlət qurdu, müstəqilliyimizi möhkəmləndirdi.

Siz isə Azərbaycanın dövlətçiliyini, xalqın rifahını inkişaf etdirərək, onu iqtisadi, siyasi, hərbi və digər sahələrdə dünya dövlətləri sırasına çıxardınız. Qarabağımızı azad edərək yeni tarix yazdınız. Bu Qələbəyə görə Siz və müzəffər Ordumuz ən ali zirvəyə layiqsiniz.

Cənab Prezident, övladdan əziz, şirin, istəkli heç nə ola bilməz. Mən Sizi öz övladlarım qədər istəyirəm. Siz dünya liderləri sırasında ən ön cərgəni haqq edirsiniz. Sizə uzun ömür, cansağlığı, bütöv Azərbaycanın və xalqımızın rifahı naminə yeni müvəffəqiyyətlər arzulayıram.

Hər il dünyanın yüz tarixi şəxsiyyəti seçilir və bu siyahıda 3 dəfə Məhəmməd peyğəmbərin adı birinci yerdə çəkilmişdir. Mən hesab edirəm ki, bu siyahıya ulu öndər Heydər Əliyevin və Siz İlham Əliyevin də adı ön sırada olmalıdır.

Mən xoşbəxtəm ki, Pirsaat pirində Sizinlə görüşməyə müvəffəq olmuşam. Hər gün Sizin üçün dua edirəm. Sizin bütün uğurlarınızda sözsüz ki, Allahın nəzər-diqqəti var. İnşallah xalqımızın, şanlı Ordumuzun və Sizin birliyiniz sayəsində bu Qələbəmizi xeyirliklə tamamlayacağıq.

Cənab Prezident, qəlbimdən keçən bir arzunu da Sizə yazmaq istəyirəm. Bu barədə aidiyyəti orqanlara da müraciət edəcəyəm. Bu Qələbə Milli Ordumuz tərəfindən Sizin zəhmətinizin, intellektinizin və məharətinizin sayəsində qazanılmışdır. Ona görə də xalq da Sizi sevir və dəstəkləyir. Bu millətə, bu dövlətə etdiyiniz xidmətlərə görə Siz Azərbaycanın Milli Qəhrəmanı adına və ən yüksək hərbi rütbəyə layiqsiniz. Hesab edirəm ki, bütün şəhər və rayon mərkəzlərində Sizə abidələr ucaldılmalıdır. Azərbaycan xalqı Sizi özünün ömürlük Prezidenti seçməlidir.

Allah şanlı Ordumuzu, Sizi və ailənizi qorusun!

İlham bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Sabirov Cüməqulu Hacıqulu oğlu,

Azərbaycan Respublikası, Ağsu rayonu, Təklə kəndi.