Asif Həsənlidən, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident!
Şah İsmayıl Xətaidən sonra təqribən 500 il ərzində Azərbaycan ərazisinin geniş torpaqları işğallar nəticəsində tədricən itirilmiş, erməni işğalçılarının təcavüzü nəticəsində 1991-1993-cü illərdə 12 rayonumuz işğal edilmişdir. 27 il ərzində bu torpaqlar işğal altında qalaraq ermənilər tərəfindən qarət olunmuş, təbii sərvətlərimiz və müxtəlif yataqlarımız talan edilmiş, bir milyondan artıq insan öz doğma torpaqlarında məcburi köçkünə və qaçqına çevrilmişdir. Lakin 500 illik bir fasilədən sonra işğal zənciri qırılmış, Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks hücuma başlanılmış və torpaqlarımızın böyük hissəsi işğaldan azad olunmuşdur.
Sentyabrın 27-si Azərbaycanın tarixində elə bir dönüş yaratmışdır ki, bu müddətdən sonra Yeni Azərbaycan tarixinin əsası qoyulacaq və tariximizin yeni mərhələsi başlayacaq. Bu mərhələ məhz İlham Əliyevin adı ilə bağlı olacaq. Çünki ərazi bütövlüyümüzün təmin olunmasına məhz Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 sentyabrda başlanmışdır ki, bu da yeni tarixin başlanğıcı deməkdir.
İlk növbədə, bir dövlət başçısı kimi Sizin bu dövrlərdə xalqımızın necə dəyanətli, uzaqgörən və mətin bir övladı olduğunuzu söyləməklə qürur hissi keçirdiyimi bildirirəm. Əsas faktor 27 il ərzində müharibəyə hazırlaşmaq, müasir hərbi texnologiyaya sahib olmaq, ən müasir silahlarla silahlanmaq, 21-ci əsr yeni müharibə taktikasını hazırlamaq və buna yiyələnmək istiqamətində misli görünməmiş dərəcədə fəaliyyət planına malik olmaqdan ibarətdir. Bu fakt onu göstərir ki, Ali Baş Komandanımız “Hücum!” əmrini verməyin nə vaxt lazım olacağını düşünmüş, bu əmri vermək üçün hansı məsuliyyət daşıdığını, məhz bu müddət ərzində məsuliyyəti öz üzərinə götürməyin hesabını və supergüc dövlətlərin təzyiqlərinin ola biləcəyi ehtimalını, bu ehtimalın reallığa çevrilib-çevrilməyəcəyini statistik dəqiqliklə hesablamışdır. Azərbaycan xalqı bir daha əmin oldu ki, dövlətimizin sükanı ən etibarlı, ən qürurlu və ən sədaqətli bir Vətən övladının əlindədir.
Qələbədən sonra təbii ki, Azərbaycan Ordusunun əbədi heykəlini ucaltmaq üçün müvafiq qurumlar öz işinə başlayacaq və müzəffər Ordumuzun bu qələbəsini əbədiləşdirmək üçün tədbir görəcəklər. Amma mənim ürəyimi silkələyən və gecə-gündüz bu barədə düşündüyüm istək və arzularımı vicdanımın səsi ilə Sizə çatdırmağa borcluyam!
Mən bir Azərbaycan vətəndaşı, ictimaiyyətin ziyalı bir nümayəndəsi olaraq, öz dərin siyasəti və məharətli hərbi döyüş taktikası ilə böyük dövlət rəhbərlərini heyran qoyan, peşəkar və yenilməz Ordusu ilə düşmənə meydan oxuyan Müzəffər Ali Baş Komandanımızla fəxr etdiyimi bildirirəm, sidq ürəklə “Yaşasın Ali Baş Komandanımız” deyərək bildirirəm: Möhtəşəm qələbədən sonra Bakı şəhərində Azadlıq Meydanında İlham Əliyevin qızıldan heykəli ucaldılsın. Heykəldə “Azadlıq mücahidi-İlham Əliyev” sözləri yazılsın. Heykəl öz qiymətinə, böyüklüyünə və ya hər hansı başqa parametrlərinə görə bütün dünyada fərqlənsin və Ginnesin Rekordlar Kitabına düşsün.
Həmçinin arzu edirəm ki, “Park bulvar” ərazisində Azərbaycan-Türk qardaşlığının rəmzi olaraq, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə monument abidəsi ucaldılsın. Monumentin üzərində ulu öndərimiz Heydər Əliyevin “Bir millət - iki dövlət” sözləri həkk olunsun. Monumentin xatirə lövhəsində Türkiyənin 2020-ci ildə Qarabağ torpaqlarının işğaldan azad olunmasında siyasi-mənəvi dəstəyi ifadə olunsun.
Qoy Müzəffər Azərbaycan Ordusunun yenilməz qüdrəti, Ali Baş Komandanımızın siyasi və hərbi məharəti, ordumuzun, xalqımızın və dövlətimizin vəhdəti qələbəmizin simvolu kimi bütün gələcək nəsillərin yaddaşında həkk olunsun. Ölkəmizə gələn bütün əcnəbilər tarixi həqiqəti və tarixi ədaləti görsünlər.
Hörmətlə,
Həsənli Asif Məmmədağa oğlu,
Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Region Səs” qəzetinin təsisçisi və baş redaktoru.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.