“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

12 noyabr 2020, 18:52

Azərbaycan Respublikasının 2020-ci il

6 oktyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.