12 noyabr 2020, 15:52

Elxan Qəhrəmandan, Əl-Küveyt, Küveyt Dövləti

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız və ailə üzvlərimiz adından Azərbaycan xalqına Böyük Tarixi Qələbə Günü yaşatmanız, Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağımızda şanlı Azərbaycan Bayrağını yenidən dalğalandırmanız münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirik.

Müzəffər Ali Baş Komandan kimi 44 gün davam edən Vətən müharibəsinin hər günündə hərbi əməliyyata rəhbərlik etdiniz. Qısa zaman çərçivəsində rəhbərliyiniz altında Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Sizin də qeyd etdiyiniz kimi, biz hamımız xoşbəxt və şanslı insanlarıq. Vəzifəsindən, sosial statusundan, yaşından asılı olmayaraq bu günləri yaşayan hər kəs özünü xoşbəxt saya bilər. Biz xoşbəxtik ki, bu tarixi hadisələri Sizinlə və cəbhədə döyüşləri aparan əsgərlərimizlə birgə yaşadıq, birgə şahidi olduq. Zati-alilərinizin sayəsində bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya sübut etdi.

İşğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda canlarını fəda etmiş Qəhrəman Vətən oğullarına Uca Allahdan rəhmət, ailələrinə baş sağlığı, yaralılara isə şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şad olsun.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elxan Qəhrəman,

Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri.

Küveyt Dövləti, Əl-Küveyt şəhəri.